Ötən gün Beynəlxalq Qızlar Günü idi
Könül, “Ədəbiyyat və incəsənət”
Ondan başlayaq ki, şəxsən mən heç kəsdən təbrik almadım. Bu nə biganəlikdır? Yəqin çoxunda da belə oldu. Valideyinlər, baba-nənələr, qardaşlar, niyə qızları təbrik etmədiniz dünən?
Beynəlxalq Qızlar Gününün mənşəyi hara gedib çıxır? 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib.
Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Nəzərə alaq ki, bizim ölkəmiz üçün, xüsusən Cənub zonası üçün bu, çox ciddi problemdir. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.
Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə ölkəmizdə fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olur, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nigahın qarşısı alınır. Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına diqqət cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır. Hər il bir mövzu ətrafında qeyd edilən bu günün carı ildəki şüarı: "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlıq planlaması"dır.
Bu arada mən ürək ağrısı ilə ölkəmizdə qız uşaqları ilə bağlı çox ciddi bir problemi də dilə gətirmək istəyirəm. Maddi vəziyyətə görə son illər ölkəmizdə yeni qurulan ailələr əksərən bir uşağa üstünlük verirlər, uşaq dölünün qabaqcadan müəyyənləşdirilməsi isə bu işdə fəlakətyaradıcı rol oynayır. Hamı tək uşağının oğlan olmasını qərarlaşdırır və nəticədə yeni doğulan uşaqların nisbəti sürətlə oğlan uşaqlarının xeyrinə artır.
Dayanın deyən isə yoxdur!
Təəssüf ki, bədbin notlara yükləndim. Barı, dünən özümü təbrik etsəydilər, yenə bir az nikbinlik qatardım yazıma.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)