BU GÜN MÜƏLLİM GÜNÜDÜR
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir..."
(M.K Atatürk)
Lüğətlərdə müəllim sözü: Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Sözün mənasını öyrədən, nəsihət verən, dərs verən.
Bu söz Hörmət üçün adlara qoşularaq deyilir. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad mənasında da işlədilir.
Fəqət, müəllim sözü lüğətlərdə verilən bu izahlardan daha böyük və daha dərin mənalar ehtiva edir özündə.
Uşaqkən bir şeir öyrənmişdik, deyirdi ki:
Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu...
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.
Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.
(Xanımana Əlibəyli - “Yol”)
Bəli, o sevimli məktəb yolu heç bir zaman hədər getmədiyimiz bir yoldur, amma həyatımızda məktəb yolundan daha önəmli bir yol da var, həyat yolumuz. Bir insan kimi həyatdakı mövqeyimiz, kimliyimiz, bir sözlə öz yolumuz.
Doğru yol insanı işığa çıxarar, amma yanlış yol insanı azdırar və geri dönülməz uçurumlara apara bilər, elə məhz buna görə də bu yoldakı istər yol yoldaşımız, istər yol göstərənimiz, bələdçimiz çox yaxşı olmalıdır.
Bu yol uşaqlıqdan başlayır və bu yolda ilk bələdçilərimiz, rəhbərimiz, öyrədənimiz valideynlərdən sonra bağçada tərbiyəçi, məktəbdə ibtidai və sonra fənn müəllimləri, çevrəmiz və daha sonra ən nəhayətində özümüz oluruq öz müəllimimiz.
Müəllim sadəcə hər hansı bir fənni tədris etmir əslində, o, eyni zamanda bir insanlıq nümunəsi olur. Çox zaman insanların içindəki işığı görən, onlardakı istedadı kəşf edən və elə onlar üçün uğura gedən yoldakı ilk qapını açan da müəllimlər olur.
Bəlkə də elə bu gün mən də bu xitabı yazmağa ərk edə bilirəmsə, bunda da "Sənə hər zaman inanmışam"-, deyərək mənə özünəinam aşılayan sevimli müəllimimin payı var.
Müəllimlər uşaqların gələcək həyatına, psixologiyasına çox yüksək təsir
göstərirlər. Ən əsas da məktəbəqədər və ibdidai sinif müəllimləri.
Müəllimlərin uşaqlara göstərdiyi psixoloji təsir onların şəxsiyyətinin inkişafına, gələcəkdə necə bir insan olacağına, hətta gələcəkdəki peşə seçiminə də çox böyük təsir göstərir. Elə müəllimindən örnək alıb gələcəkdə özü də məhz onun kimi bir müəllim olmaq arzusu ilə böyüyən uşaqlar buna çox gözəl bir misal ola bilər.
Müəllimlik peşəsinə yiyələnməyi, müəllim adı almağı çox insan bacarır, lakin, uşaq psixologiyasına düzgün təsir bağışlayıb, düzgün yön verib, gözəl insanlar yetişdirməyi müəllimlik peşəsinə yiyələnən hər insan bacarmır təssüf ki.
Əsl müəllim, başqa dillə desək, doğru yol göstərən bir bələdçi olmağı hər müəllim bacarmır. Bəzən müəllimin tədris etdiyi fənn gələcəkdə hafizədən silinir, ancaq insanlıq nümunəsi və psixologiyada göstərdiyi təsir heç vaxt silinmir və insanın həyatınada yansıyır bu.
Müəllimin yanlış, məsuliyyətsiz, laqeyid bir davranışına görə travması yaranmış və həyatı boyu hətta güclü xarakterli olsa belə bunu yenə bilməmiş o qədər yetkin insan var ki.
Bir müəllimin çiynlərində daşıdığı məsuliyyətin nə qədər böyük, nə qədər ağır və müəllimliyin, sözün əsl mənasında, bir vicdan işi olduğunu elə bu mövzuyla bağlı rastlaşdığım iki məqam əsnasında daha aydın dərk etmişdim:
Bir dəfə özü də ixtisasca müəllim olan bir təlimçi təlimlərinin birində bağçada tərbiyəçi müəllimin yanlış davranışına görə yenə bilmədiyi bir travmasından danışdığı zaman.
Və bir dəfə də məni çox da yaxından tanımayan bir insanın söhbət əsnasında ixtisasımın məktəbəqədər təlim və tərbiyə oduğunu öyrənəndə mənə: "Siz Allah, uşaqları döyməyin.."-, dediyi zaman.
Çünki sonradan bu hadisənin vaxtı ilə onun öz başına gəldiyini, ona görə belə dediyini öyrənmişdim və bu məni çox incitmişdi.
Bəli, əziz oxucu, bir müəllim sadəcə hər hansısa bir fənni tədris etmir. O, eyni zamanda bəzən fərqində olmasa belə yanaşmasıyla və davranışıyla insan həyatına yaxşı və ya pis çox böyük təsir göstərir. Bu səbəbdən muəllimlik öncə vicdanlı və məsuliyyətli şəxsiyyət tələb edir.
Və bir az da irəli gedib düşünəndə görürük ki, əslində özü fərqində olmadan hər insan bir müəllimdir. Əgər düzgün bir şəkildə müşahidə edə bilsəniz, hər insan təcrübədən dərs deyir. Hər insan bir örnəkdir.
Kiminin şəxsiyyət, xarakter, davranış və həyatına baxaraq gözəl dərslər götürərik özümüz üçün.
Və kimilərinə də baxıb şükr edərik, elə bir insan olmadığımız üçün.
Və lazım gəldikdə insan özü də özü üçün müəllim olmağı bacarmalıdır.
Elenora Ruzveltin də dediyi kimi :
"Başqalarının həyatından dərs alın, insan bütün səhvləri özü edəcək qədər uzun yaşamır"
İzləri xoş xatirələr, faydalı məsləhətlər və əsəri vicdanlı və güclü xarakterli insanlar olan müəllimlərin bayramı mübarək!
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)