Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi forumu keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində 29-31 oktyabr tarixlərində gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.
Oktyabrın 29-da “Gülüstan” Sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.
Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Musiqi forumunda iştirak etmək istəyən şəxslər 26 oktyabr tarixinədək culture.gov.az saytından onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)