Qənirə xanımın əziz XATİRƏSİNƏ Featured

 

Yunus Oğuz yazır

 

Millət vəkili Qənirə Paşayeva Tovuzun kitabsevərlərilə görüşə dəvət edəndə tərəddüd etmədən razılaşdım. Yayın istisi məni və xanımımı qorxutmadı. Getməyə bilməzdik, çünki yazıçının oxucularla görüşü hər dəfə yeni bir stimuldur. Özü də bu stimulu Tovuz rayonunun cəfakeşi, əhalinin hər dərdinə-sərinə, sevincinə və kədərinə şərik olan Qənirə xanımla bir yerdə alacaqdıq. 

Əlimdə yazılar  olmasına baxmayaraq, hamısını bir kənara qoyub avqustun 3-də xanımımla Tovuza yola düşdük. Qənirə xanım  bizdən bir qədər gec Bakıdan yola düşdü, amma hər saat zəngləşirdik. Hər dəfə də:  "Hardasız, aç deyilsiz ki?"- deyə ana kimi qayğımıza qalırdı. Hərdən mənə elə gəlirdi ki, sözün əsl mənasında böyük hərflə yazılmağa layiq olan bu XANIM ƏFƏNDİ hər bir azərbaycanlının, hər bir türkün qayğısına qalmağa tələsir, düşünür ki, nə isə etməsə, kiməsə yardım (mənəvi və maddi) əlini uzatmasa fikirləri qarmaqarışıq olacaq, ürəyi təskinlik tapmayacaq, onsuz da az olan yuxusu   lap ərşə çəkiləcək. Onu  çoxdan tanımağıma baxmayaraq səfər yoldaşlığı insanın yeni keyfiyyətlərini aşkarlayır.

Növbəti zəngində cavab verdim ki, Gəncədə Şeyx Nizaminin məqbərəsini ziyarət edəcəm. Dedi ki, əhsən sizlərə! Gərəkdir ki, hər kəs Gəncəyə gələndə bu müqəddəs yeri ziyarət etsin. Məqbərədə  gəzinti insanın aurasını dəyişir, düşüncələrə vadar edir, böyük ustadın əbədiliyini, bizimsə faniliyimizi bir daha düşüncələrimizdə bərqərar edir. Amma bizimlə birgə ziyarətə yetişə bilmədi...

Tovuza maşınla getdiyimizdən   yol boyu müşahidə etdiklərimi yazmaya bilmərəm. Yollarımız çox abadlaşıb, ətraf  torpaqlar becərilib, ilan mələyən çöllərə su kanalları çəkilib. Bir sözlə bəlkə on illərlə boş qalan torpaqlar canlandırılıb, vacib kənd təsərrüfatı obyektinə çevrilib. Bu vacibliyi ona görə vurğulayıram ki, qeyri-neft sektoru olan kənd təsərrüfatı dirçəlir. Bunu nazirə xoş gəlməsi üçün yazmıram, cənab nazirin hələ görəcək işləri var, axsaq işlərimiz düzələn işlərimizdən çoxdur, amma buz yerindən tərpənib və bu dirçəliş (görəsən köhnə nazir hardadır?) gözgörəsi hiss olunur.

Yolda polisə rast gəlməzsən. Bircə Kürdəmir-Ucar arası məsafədən başqa. Zalım uşaqları iyirmi beş il öncəsi kimi elə yerdə gizlənirlər ki, bir də görürsən ki, Ələddinin cini kimi qarşında zühur etdilər. Ümumilikdə isə gözəldir. Hər dörd-beş kilometrdən bir radar və sürət nişanları qoyublar. Qaydanı pozdun, cərimə evinə gələcək, yaxud telefonunda SMS görünəcək. Hə, arada nömrəsiz maşınlar 150-160-la şütüyürlər. Deyilənlərə görə belə maşınlarla razılaşıblar. Düzünü mən bilmirəm. İstənilən halda yollarımız şüşə kimidir. Amma bu nə qədər çəkəcək bilmirəm. Çünki yükçəkən maşınların məntəqələrində bir dənə də olsun maşın görmədik, baxmayaraq ki, Şağman və KAMazlar yollarda kifayət qədər idi.

Ucardan sonra Yevlaxda "Kür" qəzetinin baş redaktoru Əminə xanımla danışmaq istəsəm də   telefonu bağlı idi. Ona kitab söz vermişdim. Yaydı, görünür, məzuniyyətdə olduğundan dağlara çəkilib.

Gəncəyə çatanda maşını birbaşa məqbərəyə sürdük. Məqbərəni və muzeyi ziyarət etdik. Oranın işçiləri bizi tanıdılar. Hələ bir gileylərini də etdilər ki, bəs ziyalılarımız rəsmi tədbirlər olmasa sizin kimi fərdi qaydada ziyarətə gəlmirlər. Gileyi qəbul etdim. "Keşmişi gələcəyə öturməyin bir yolu da budur. İnsanlarımız qaloş pirinə gedirlər, amma Şeyxin - dahi söz ustasının ziyarətinə gəlmirlər. Sözü anlamayan əşyanı özünə büt edəcək. Bu da nəticədə milləti ruhundan uzaqlaşıb bizi meşşana (əşyalara aludə) çevirəcək. Ondan sonra bizi qapazaltı etmək heç də çətin olmayacaq". Bu fikirləri də özlüyümdə Şeyxin qəbri üstə söylədim.

"Şeyxin ərəblərlə qohumluğu varmı, uzaqdan-yaxından olan bir bilgi varmı?" Bələdçi bu sualıma gülümsündü və söylədi ki, yox. Söhbətin davamını mən etdim. Dedim: "Ona görə Şeyx Nizami deyirlər ki, o sözün və qəlblərin Şeyxidir". Bu fikirdən özümün də xoşum gəldi. Onlara da kitablar (əsasən də "Atabəy Eldəniz və "Nadir şah" romanlarımı - çünki birincidə Şeyx Nizami obrazı, hər ikisində isə Gəncə təsviri vardı) hədiyyə edib yolumuza davam etdik.

Qoşa yol bitdi. Gəncədən sonra, amma iş gedirdi və deyirdilər ki, ta Qırmızı Körpüyə qədər qoşa yol çəkiləcək və bunun da əyani şahidi olduq.

Şəmkirdə bizi başqa aləm gözləyirdi. Yol boyu istixanalar göz oxşayırdı, özü də sayı-hesabı yox idi. Şəmkirlilərə halal olsun! Çalışqandırlar. Nə deyirsən yetişdirib Rusiyaya göndərirlər. Burdakıları da, ordakıları da işlə təmin edirlər, dolandırırlar.

Gəlib Tovuza çatdıq. Şəhər təmizdi, insanları mehriban və səmimidirlər. Şəhərdə hamı bir-birini tanıyır deyə nabələd adam dərhal tanınır, xoş rəftarları ilə qonağı bir az da utandırırlar.

Qənirə xanım öncədən söyləmişdi ki, Tovuzda "Ayan" palasda qalacaqsınız. Gözəl, beş ulduzlu oteldir. Qədim arxitektura ilə tikilib.  Möhtəşəmdir. Qiymətləri də Göy-Göl turist marşrutları üstündə olan otellərdən iki dəfə ucuzdur, xidmət keyfiyyəti də iki dəfə artıq. Burda hiss edirsən ki, sənə qonaq kimi yanaşırlar, cibi dolu olan pullu adam kimi yox. Hətta xanımım İstanbul və Tovuz otellərini müqayisə etdi. İkisi də eynidir. Biri dünyanın böyük meqapolisi, o birisi isə Azərbaycanda əyalət şəhəri, amma fərq yoxdur. Ölkəmiz beləcə göz görə-görə dəyişir. Otelin qarşısındakı  Heydər Əliyev parkı göz oxşayır. Təmiz və səliqəli bir park. Axşam olan kimi bura adamla dolu olur. Parkın içində göl və  süni bir ada salınıb. Bura tovuzluların istirahət etmək üçün sevimli yeridir. İnsanların üzlərinə tez-tez baxıram. Aqressivlik hiss etmirəm. Gündəlik qayğılarının biri də, bəlkə bura gəlməkdir ki, qayğı istirahətə çevrilsin.

Heç otelə yerləşməmiş Qənirə xanımdan zəng gəldi. Dabanbasma özünü yetirmişdi...

...Tovuzlu dostlarım bilirdilər ki, buralara gələcəm. Zəng zəng dalınca ki, bəs bu gün qonağımsan. Yumşaq şəkildə təşəkkürümü bildirib, Qənirə xanımın "sərəncamında" olduğumuzu dedim. Ta neyləyə bilərik? Başqa cürə mümkün deyildi axı, oxucularla görüşə gəlmişik, özü də Qənirə xanımın təşəbbüsü ilə.

...XANIM ƏFƏNDİnin diqqəti bir an üzərimizdən əskik olmur. Otelin foyesinə düşən kimi marşrutumuz bilindi: Tovuzun füsunkar gözəlliyi ilə seçilən Əsrik meşəsinə yollanırıq. Yolda Qənirə xanım Tovuz və insanları haqqında şövqlə və fəxrlə danışır, hiss edirəm ki, buralı olmağı ilə qürurlanır. Amma telefon hər üç dəqiqədən bir "qışqırır". Arada öz-özümə deyirəm ki, Allah eləməsin,telefon bu qızın qulağında partlasın. Rayona xəbər düşmüşdü ki, Qənirə xanım Tovuzdadır. 

Bəhanə ilə yeməyə gəlib onunla  görüşənlərin də şahidi olduq. Əvvəl şəkil çəkdirib, sonra da problemlərindən danışırlar. Onu gözaltı izləyirdim. İnsanları  səbrlə, aramla dinləyir, hər kəsin  dərdinə əlac etməyə calışırdı. Əsəbləşən görmədim, hirslənməyini hiss etmədim. Bir sözlə, Allah bu qıza səbr verib. Yemək də yeməyə qoymurdular. İki məsələdə onun qəti barışmazlığını gördüm: biri övladının ön cəbhədən başqa yerə köçürülməsi xahiş ediləndə onun qəti cavabı sərt şillə kimi xahiş edənin üzünə çırpılırdı: "Nədi, sənin uşağın olmazsa, o biri ananın uşağı olmazsa, bəs bu sərhədləri kim qoruyacaq?" Düz də deyirdi. Halal olsun! İkincisi, təhsil, ali məktəbə qəbulla bağlı edilən xahişlərə qəti rədd cavabı verirdi... "Oxuyaydı, yüksək bal toplayaydı. Milləti  cahillikdən yalnız oxumaq qurtara bilər!" Bu da onun sözləridir.

...Əsrik meşəsinin şırıltılı çay suyunun səsi altında özümüzü təbiətin içində əritmək, bir anlığa buranın gözəlliyinin bir parçasına çevrilmək istəyirik. Bura həm də sayı-hesabı bilinməyən istirahət yerləridir. Tovuzdan və ətraf yerlərdən gələn qonaq-qara əskik olmur, baxmayaraq ki, dağın o biri tərəfi Ermənistan əraziləridir. Sevindirici haldir ki, tovuzlular bir qarış torpaq da  ermənilərə verməyiblər. Eşq olsun tovuzlulara!

...Qənirə xanımla xalqın millətə çevrilməsindəki əngəllərdən, tarixdən, etnososial psixologiyadan, keçmişimizin və bunun gələcəyə daşıyacağı problemlərdən danışırıq. Çox hazırlıqlıdır. Hansı əngəldən söhbət edirsə, əvvəlcə onun skeletini qurur, sonra ətə-qana dolduraraq tezis şəklində fikirlərini bildirir. Hiss edirəm ki, mənim və xanımımın belə söhbətlərə ehtiyacı olduğu kimi, onun da belə mənəvi mükamiləyə ehtiyacı var. Biz bir növ yorğunluğumuzu belə çıxardırıq.

Söhbəti yaslarımız və toylarımızın üzərinə gətirəndə bizi düşüncələrimizdən və söhbətimizdən dağlara səs salan qara zurnanın və davulun səsi ayırdı. Daha danışmayıb diqqətimizi qara zurnaya kəsdik. Allah, burada nələr yoxmuş?! Qara zurnanın səsi şəhərdə və tarixdə itmiş ruhunu özünə qaytarır. Sən musiqiyə qoşulub itmiş, çox zaman parçalanmış ruhunu dağda, bağda axtarmağa başlayırsan. Bu səs səni qəhrəmanlıq, müdriklik, səmimiyyət, bəzəksiz-düzəksiz dünyaya aparır. Burada saflığının beşiyindəsən, törələr sənin başının üstündədir, heç kimin bu törələri pozmağa, ayaqlayıb keçməyə ixtiyarı yoxdur. Yazılmamış qanunların pozulmasına heç kim izn verməz. Zurna səsi törə qaydalarını sənə səslə başa salır, davul da guruldamaqla sənə xəbərdarlıq edir ki, yolunu azmayasan, yatmayasan.

Zurna-davul səsi kəsildi. Ruhum o sehrli səsdən ayrılaraq xanımların yanına qayıtdı. Zarafatla dedim ki, burada şeir yazmağa nə var? Sözlər öz-özünə gəlir. Qənirə xanım zarafatıma tovuzluların bir məsəli ilə cavab verdi. ...Xeyli güldük.

Yenə qara zurnanın, davulun səsi diqqətimizi kəsdi. Arada gəlib XANIM ƏFƏNDİ ilə şəkil çəkdirənlər də öz yerində. Öz-özümə sual verdim: "Niyə toylarımızı gəlib bu dağlarda etmirik? Şadlıq saraylarının musiqi səsləri az qalıb qulağımızı kar, gözlərimizi kor etsin. Niyə hamımız şadlıq saraylarına qaçırıq?" Özüm də cavabını verdim: "Rahatlıq axtarırıq. Özümüzün əlavə yüklənməyimizi istəmirik. Axı bunun   üçün qonum-qonşu tökülürdü toy sahibinin evinə, bir ay öncədən hazırlıq gedirdi. İndi hər şeyi  özün təkbaşına  edirsən. Əvəzində isə  doğmalıq, təmas, səmimiyyət, saflıq əlimizdən alınır". Heç bunu düşünmürük...

Musiqi sədası altında Tovuza otelə dönürük. Parkda gəzməyə imkan vermirlər. Yenə də fotosessiya.

...Yolda millət vəkili yenə öz ampluasındadır. Telefona cavab verir, kimlərəsə zəng edir, çox zaman da kimlərinsə problemini həll edir.

Gecə yarıdan keçib, başımız söhbətə necə qarışıbsa artıq zamanla vaxtın yerini səhv salırıq. İntellektual söhbətə çay süfrəsinin arxasında polis rəisi, səhəri gün isə tədbirdən sonra icra başçısı da qatılır...

Gecə yarısı bizdən sonra hara getdiyini səhər tezdən bizim arxamızca gələndə bildik. Hansısa kəndə dərd ovutmağa getmişdi. Bax belə. 

Onu da deyim ki, tədbir möhtəşəm idi, həm insan axını, həm də Azərbaycanın ən qədim təhsil ocaqlarından olan 110 yaşlı Puşkin adına orta məktəbdə keçirilməsi məclisə xüsusi rəng qatırdı. Hiss edirsən ki, Tovuzda kitab aclığı var, bilmək, öyrənmək həvəsi var, oxumaq onlar üçün gələcək deməkdir. Kaş bütün Azərbaycanda belə olaydı. Oxumaq və savadlanmaq, bilik yiyəsi olmaq millətimizin qurtuluşudur. Çıxışlarımız da möhtəşəm oldu. Xalqın başa düşdüyü dildə "Tarix nədir?" , "Tarixi bilmək niyə lazımdır?" kimi mövzularda danışdıq. Düşünürəm akademik dildən, pafosdan kənar danışmaq xalqla ziyalılar arasında körpü və doğmalıq yaradır və hamını dövlətə, vətənə, millətə daha sıx bağlayır. Çıxışımda dediyim kimi: "Tarix sevgi ölçüsüdür!"

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.