Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetini ziyarət edərək, universitetin rektoru Tolobek Abdıraxmanovla görüşüb. Görüşdə Azərbaycan Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstan nümayəndələri Mirbek Karibayev və Nazgul Omurzakova iştirak ediblər.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüşdə tərəflər Fond ilə Qırğızıstan Milli Universitetinin Türk xalqlarının çoxəsrlik dəyərlərinin təbliği və təşviqi yönündə qarşılıqlı iş birliyi məsələləri ətrafında müzakirələr aparıblar.

Görüşün sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində nəzərdə tutulan məsələlər sırasında Qırğızıstan Milli Universitetində “Türk İrsi Mərkəzi”nin və “Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi”nin yaradılması yer alır. Ümumtürk mədəni irsinin qorunması və tanıdılmasına yönəlmiş “Türk İrsi Mərkəzi” təhsil və tədqiqat fəaliyyətlərinin, mədəni mübadilələrin təmin olunması məqsədini daşıyır.

“Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi” türk xalqları arasında media və jurnalistika sahəsi üzrə peşəkar fəaliyyətin təşviqini və müvafiq istiqamətdə əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini ehtiva edir.

Görüşdə tərəflər Fondun himayəsi ilə Universitetdə yaradılacaq Mərkəzlərin türk ölkələrinin mədəniyyətinin, elm və təhsilinin inkişafına töhfə verəcəyindən əminliklərini ifadə ediblər.

Fondun prezidenti Günay Əfəndiyeva bu xüsusda təşkilatın əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasından bəhs edib. Günay Əfəndiyeva onların əsasında böyük şəbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasına, çoxtərəfli mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.

Tərəflər Fond ilə Universitet arasında Anlaşma Memorandumunun imzalanmasını səmərəli əməkdaşlığın başlanğıcı və ortaq məqsədlərin qarşılıqlı şəkildə həyata keçirilməsi yönündə mühüm addım kimi qiymətləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.