Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub

 

Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə təşəbbüs və təşkilatçılığı ilə “Birləşmiş səslər” xeyriyyə layihəsi təşkil edilib. Layihə 5 günlük ustad dərslərindən və konsertdən ibarət olub.

Bunu AzərTAC-a təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova- Bernard bildirib.

Onun sözlərinə görə sentyabrın 23-də Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestri və İncəsənət və Mədəniyyət Fondunun musiqiçiləri ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin “Birləşmiş səslər” adlı konserti baş tutub.

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatının, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə təşkil edilən konsertdə hər iki mərkəzin musiqiçiləri ilə birgə Azərbaycan bəstəkarları - Arif Məlikov, Fikrət Əmirov, Azər Rzayev, Sərdar Fərəcov, Vasif Adıgözəlovun musiqiləri və Azərbaycan muğamları səsləndirilib. Bildirilib ki, layihənin digər məqsədi afrikalıları tar musiqi aləti ilə tanış edərək, onların tədris sisteminə tar alətini daxil etməkdir.

Konsertdə Anqolada yaşayan xarici vətəndaşlar, səfirliklərin, beynəlxalq şirkətlərin nümayəndələri ilə bərabər Türkiyə Respublikasının səfiri Ufuk Ekici də qonaq qismində iştirak edib.

Azərbaycan tarının səsi və musiqiləri qonaqları valeh edib.

Konsertin sonunda İncəsənət və Mədəniyyət Fonduna tar məktəbinin yaradılması ilə bağlı simvolik olaraq Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Tar və Camunga Simfonik Musiqi Məktəbinə Fond tərəfindən çap edilmiş “Azərbaycan musiqisinin inciləri” xalq və bəstəkar mahnılarından ibarət kitablar hədiyyə edilib.

Konsert zamanı Azərbaycan ilə bağlı kitablar, məlumatlar, milli şirniyyatlar qonaqlara təqdim edilib.

“Ədəbiyyat və incəsənət”
(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.