Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib Featured

 

Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı davam edir. Konfransda Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb.

AzərTAC xəbər verir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.

Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil qərarla Şuşa şəhərini növbəti il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır.

Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.