Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
İnsanlığın milliyyəti olmur, hamımız eyni soydan, Adəmin soyundan gəlmiş "Habillər" və "Qabillər"ik.
Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı deyən şairin sözünə qüvvət, vətəndaş olmaq üçün millyyət şərt deyil.
Bu gün sizlərə heç bir məcburiyyəti olmadığı halda bu xalq, bu millət üçün əvəzsiz xidmətlər göstərmiş, Mir Şahinə verdiyi o unudulmaz müsahibə şirin danışığı və tərifəlayiq dünyagörüşü ilə hamının qəlbində böyük rəğbət qazanmış, insan şücaətinin ən gözəl timsalı, ən gözəl nümunələrindən biri olan milli qəhrəmanımız Albert Aqarunov haqqında danışmaq istəyirəm.
Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur. Doqquz qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi olub. Əslən dağ yəhudisi olan Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən sonradan Əmircana köçmüşlər. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb.
Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülmüşdür; bu titul çoxsaylı uşağı olan analara verilirdi.
Albert uşaq yaşlarından musiqi ilə maraqlanmış, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdir. Aqarunov Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. O, 1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.
1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın bütün yəhudi sakinləri həm zorakılıqdan, həm də hərbi xidmətdən yayınmaq üçün İsrailə, Avropaya və ya ABŞ-a mühacirət etmək imkanına malik idilər. Lakin ailəsinin digər üzvləri ölkədən xaricə köçsə də, Aqarunov Azərbaycanda qalmış və 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə getmişdir. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi. O, sonra Elçin Məmmədovun başçılıq etdiyi 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə tank komandiri təyin edilmiş və Şuşa cəbhəsinə göndərilmişdir. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak etmişdir. Aqarunov 1991-ci ilin dekabrında erməni qüvvələrinə aid bir neçə tankı və zirehli vasitəni zərərsizləşdirmişdir. Həmçinin, onun erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşan zaman bir mərmi ilə iki tankı vurması dillər əzbəri olmuşdur. Buna görə də bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdır. Ermənilər bu səbəblərə görə onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
1992-ci ilin yazında müharibənin episentri Şuşaya keçdi. Artıq 7 mayda azərbaycanlı hərbçilərin çoxu Şuşanı tərk etmişdi və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən idi. Gün ərzində şəhərin şimalındakı teleqüllə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yola sürür və bu əsnada Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açmağa başlayır. Avşaryanın tankı üç dəqiq zərbədən sonra alışır, özü isə lyuku açıb çölə atlanmağı bacarır, lakin sürücüsü və atıcısı həlak olur. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqında "o, əla atıcı idi" demişdir. Bu, Birinci Qarabağ müharibəsi zamanı ilk tank döyüşü idi və dövrün mətbuatında geniş işıqlandırılmışdı. Müharibədən sonra ermənilər Avşaryanın T-72 tankını bərpa edib yenidən rəngləyərək onu Xankəndi–Şuşa yolunun üstündəki qayada abidə kimi ucaldacaqdılar… Və elə bugünlərdə Qarabağın Dağlıq hissəsində Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zamanı tank ordan götürüləcək və hərbi qənimət kimi Bakıya gətiriləcəkdi…
…Aqarunov daha sonra Şuşa–Laçın yoluna doğru irəliləmişdir. O burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Artıq ermənilərin hücumu dayandırılmışdı, Azərbaycan hərbi komandanlığı isə ermənilərin geri çəkildiyini düşünmüşdü. Onlar bu fasilədən şəhəri tərk etmək üçün istifadə etdi və erməni qüvvələri 8 mayda, səhər saatlarında boş olan Şuşanı işğal etdilər…
Aqarunovun nəşi xəstəxanaya göndərilmiş, oradan isə helikopterlə Bakıya aparılmışdır. Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmiş, mərasim eyni vaxtda molla və ravvin tərəfindən keçirilmişdir…
Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Aqarunov həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni, 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.
Milli qürur simvoluna çevrilmiş Aqarunovun şəhadətindən sonra azərbaycanlı əsgərlər tanklarına "Albert" adını yazmışdır. Həmin tank hal-hazırda Azərbaycan Hərb Tarixi Muzeyində yerləşir. Vaxtilə təhsil aldığı 154 saylı məktəb Albertin adını daşıyır və məktəbin önündə büstü qoyulmuşdur. Bakıda və Qubada onun şərəfinə lövhələr qoyulmuşdur.
2004-cü ildə Bakıda Xabad-Or-Avner təhsil mərkəzində Aqarunovun xatirəsinə muzeyin açılışı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2019-cu ildə Bakıda küçələrdən birinə Albert Aqarunovun adı verilmiş, həmin küçədə onun heykəli ucaldılmışdır.
2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən Aqarunov haqda "Dostuma məktub" adlı filmi çəkmişdir. 2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkmişdir. 2020-ci ildə Moskvada 30 illik müharibə ərzində Qarabağ müharibəsi barədə ilk dəfə dərc edilən azərbaycanlı yazıçının romanı (“AMİN”, müəlliflər Varis və Əlibala Məhərrəmzadə) Alabert Aqarunova həsr edilmişdir.
Bir dəfə belə bir ifadə oxumuşdum. "Qəhrəmanlar ölmür, sadəcə şəkil dəyişdirir". Necə ki, Albert də tankçılarımızın, yəhüdi qardaşlarımızın, ümumən bütün vətənpərvərlərin simasında hələ də yaşayır və yaşamaqda davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)