Azərbaycan və Bakı tarixinə dair unikal sənədlər Milli Kitabxanaya təhvil verilib

Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası Azərbaycan və Bakının tarixi ilə bağlı unikal arxiv sənədlərinin surətlərini bu il 100 illiyini qeyd edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına təhvil verib.

 

Bu barədə AzərTAC-a Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanasının mətbuat xidmətindən bildirilib.

 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova müraciət edən Rusiya Prezidenti Kitabxanasının baş direktoru Yuri Nosov qeyd edib ki, sənədlər arasında Xəzər dənizinin XVII əsrdən başlayaraq XIX əsrin əvvəlinə qədərki dövrü əhatə edən nadir xəritələri, Bakı Quberniyasının XIX əsrə aid planları, o cümlədən Bakı şəhərinin və ona yaxın ərazilərin planları və digər materiallar var.

 

“Elektrikli tramvay və 1898-1900-cü illərdə Bakının işıqlandırılması planı xüsusi maraq kəsb edir. Bakıda hələ 1900-cü ildə işlənib hazırlanan və elektrik dartma qüvvəsi ilə işə düşən tramvay rabitəsinin inkişaf planları artıq inqilabdan sonra icra edilib. 1924-cü il fevralın 8-də Bakı şəhərində SSRİ üzrə ilk elektrik tramvayı işə salınıb. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də SSRİ-də ilk elektrik dəmir yolunun vətənidir. 1926-cı ildə elektriklə işləyən Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti işə salınıb. Tarixi mənbələrə əsasən məlumdur ki, bu xəttin çəkilməsi üçün Leninqradda tikintisi başa çatdırılmamış Oranienbaumsk elektrik xəttindən sökülərək çıxarılmış relslərdən və müəyyən avadanlıqlardan istifadə edilib”, - deyə Rusiya Prezidenti Kitabxanasının baş direktoru vurğulayıb.

 

Y.Nosov onu da diqqətə çatdırıb ki, milyondan artıq arxiv vahidinin saxlanıldığı Rusiya Prezidenti Kitabxanasının fondunda Rusiya dövlətçiliyinin, o cümlədən, daha əvvəl SSRİ-nin tərkibinə daxil olan ölkələrin tarixinə aid kitablar və dövri nəşrlər, kino xronikası, fotoşəkillər, elmi-maarifləndirici filmlər, dissertasiya avtoreferatları, arxiv sənədləri və materialları rəqəmsal formada təqdim olunur.

 

“Kitabxananın portalında Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı münasibətlərin tarixinin əsas mərhələlərinə həsr olunmuş “Rusiya-Azərbaycan: qarşılıqlı münasibətlərin tarixi” kolleksiyası ilə tanış olmaq mümkündür. Bu kolleksiya Azərbaycanın diplomatik, ticarət və mədəni əlaqələri, qədim tarixə dair tədqiqatların inkişafı, habelə onun ərazisinin Rusiya İmperiyasının və Sovet İttifaqının tərkibinə daxil olduğu XIX–XX əsrlərə aid sənədləri əks etdirir.

 

Kitabxananın baş direktoru onu da əlavə edib ki, Azərbaycan Rusiya ilə birlikdə XX əsrin bütün ən böyük və əlamətdar hadisələrində - 1917-ci il inqilabı, vətəndaş və İkinci Dünya müharibələrində iştirak edib və SSRİ Nazirlər Sovetinin, SSRİ Daxili İşlər Nazirliyinin fəaliyyəti, SSRİ Daxili İşlər üzrə Xalq Komissarlığının statistik məlumatları, əmrləri, məruzə qeydləri, şifrəli teleqramları və digər mənbələr bunu sübuta yetirir.

 

Y.Nosov bildirib: “Sənədlər vahid dövlətin tərkibində birləşmə vaxtını ətraflı şəkildə təsvir edir: o zaman Bakı quberniyasında və Azərbaycan SSR-də kanallar, su xətləri, dəmir yolları (o cümlədən, Rusiyadan keçməklə Hindistan-Avropa tranzit yolu) inşa edilirdi, neftayırma zavodları və digər obyektlər tikilirdi. Kolleksiyadakı materialların bir hissəsi elm və maariflənmənin inkişafı, o cümlədən, Bakıdakı neft emalçılarının xalq maarifinə, gimnaziyaların açılmasına dair qurultay icmalları ilə əlaqədardır”.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.