Bütün dəyərli "Ədəbiyyat və İncəsənət" portalı oxuyucularına salamlar, hər vaxtınız xeyir olsun. Bugünkü müsahibəmiz gənclərə xitab edən televiziya proqramlarından olan MAG'ın prodüseri Nailə Mirzəzadə ilə olacaq. Müsahibəni əməkdaşımız Leyla Səfərova aparır.
-Salam, Nailə xanım. Sizinlə müsahibə aparmaq çox xoş olacaq. Öncəliklə istərdim, bizə məlumat verəsiniz. Nailə Mirzəzadə kimdir?
-Salam, mən Nailə Mirzəzadə - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi olan, "MZ" Production tərəfindən istehsal edilən, İctimai Televiziyada yayımlanan MAG verlişinin prodüseri, Sağlam Ailə tibb mərkəzinin Ultralab filiallarının İctimaiyyətlə əlaqələr üzrə ( PR) meneceriyəm. Bir çox tədbirlərdə təşkilatçılardan olmuşam. "MZ" Production tərəfindən istehsal olunan və Azərbaycan telekanallarında yayımlanan bir sıra verilişlərin ( “Tor” , “Analar Məktəbi “) prodüseri olmuşam.
Eyni zamanda həkim və psixoloqları bir araya gətirən ilk instagram hesabının yaradıcısıyam. Yeni yaransa da, maraq güclüdür və gələcəkdə böyük işlər görəcəyimizə inanıram. Gələcək planlarım öz sahəmdə inkişaf etmək, yeni layihələr, yeni ideyaları həyata keçirməkdir. Təbii ki, komanda ruhu ilə.
-Bütün bu nailiyyətləriniz arasında sizin üçün "ən uğurlu" hesab etdiyiniz hansıdır? Nəyə görə?
-Ən uğurlu nailiyyətim hazırda olduğum yerdir. Buna görə həmişə yanımda olan anama, ailəmə, dostlarıma, iş kollektivimə, xüsusən də mənə hər zaman yol göstərən Üzlufət xanıma bir ömür minnətdaram.
-Nailə xanım, qəbul edərik ki, televiziya mədəniyyətin başlıca qaynaqlarındandır. Sizin fikrinizcə, bugün televiziya tam mənada öz missiyasını tamamlaya bilirmi? Nə aşılanmalıdır və nə aşılanır?
-Bəziləri düşünür ki, hazırda televiziya sosial mediaya uduzur, amma tam da elə deyil. Məsələ ondadır ki, ucqar məkanlarda yaşayan insanlarımız, orta yaşlı və yaşlı insanlarımız ümumiyyətlə sosial şəbəkələrdən daha az istifadə edirlər. Bu baxımdan televiziya hələ də öz aktuallığını qoruyub saxlaya bilir. Amma etiraf etmək lazımdır ki, bəzi evlərdə ümumiyyətlə televiziya açılmır. Buna görə də deyə bilərik ki, böyük şəhərlərdə sosial media daha çox inkişafdadır. Getdiyimiz hər hansı bir məkanda telefonu açıb sosial mediadan istifadə edə bilirik. Hazırda televiziyamızda yaxşı verlişlər çox olsa belə öz ideyalarını tam çatdıra bilməyən və ya doğru təbliğatlar apara bilməyən verlişlər də kifayət qədər var. Bu cür verlişləri izlədikcə insan həqiqətən utanır ki, doğrudanmı bizim cəmiyyət hələ də bunu izləməyə davam edir, bunları müzakirə edir!? Əslinə qalanda isə bu cür mövzuları təəssüf ki, biz özümüz onları izləyərək ön planda saxlayır, aktuallaşdırırıq. Beləliklə də sırf izlənmə üçün bu cür proqramların sayı-hesabı artır. Biz keyfiyyətli verlişlərin izlənməsini və tələbini artırmalıyıq. Bu zaman televiziya da inkişaf edər.
Bugün tam mənada televiziya öz missiyasını tamamlaya bilmir, çünki dediyim kimi, böyük şəhərlərdə sosial mediaya uduzur və nəticədə bəzən sosial mediada olan daha zəif keyfiyyətli insanlar və mövzular televiziyaya gəlib çıxa bilir. Buna görə də təbliğatlar sosial mediada daha çoxdur.
Gənclər arasında daha çox Azərbaycanlılara xas, illərdir qoruyub saxladığımız mədəniyyət, ailə dəyərləri itməməli, təbliğ edilməlidir. Ümumiyyətlə tək gənclər yox, hər kəsi doğru məlumatlandırmalı, maarifləndirməli, televiziyada daha diqqət çəkən, maraqlı verlişlər hazırlanmalı, səviyyəsiz müzakirələrə qadağalar qoyulmalıdır. Verilişi hazırlayan insanlar öncə düşünməlidir ki, biz bunu hazırlayaraq insanlara nə veririk, nə təbliğ edəcəyik? Və əgər bu sualların cavabında özlərinə müsbət cavab verə bilmirlərsə o zaman həmin verlişlərin yayımları dayandırılmalıdır.
-Siz gənclərlə işləyən, fəaliyyətini gənclərə adayan biri kimi bugünkü televiziyada nəyi dəyişmək istəyərdiniz? Mükəmmələ ən yaxın olma yolunda nə addım atardınız?
-Mən özüm də fəaliyyətimə "Müasir Azərbaycan gənci" verlişi ilə başlamışam və sırf gənclər sektorunda illərdir ki çalışıram. Bugün çox istərdim ki, televiziya sahəsində keyfiyyətli verlişlər artırılsın. Maraqlı, fərqli kontentlər, gənclərin maraq göstərdiyi mövzular təqdim olunsun. Tək gənclər üçün də deyil. Televiziya verlişləri daha keyfiyyətli hazırlanmalıdır. Kiminsə həyatı ilə bağlı xəbərlər deyil də, ümumi ictimaiyyətlə bağlı, təbliğat xarakterli doğru istiqamətlənmiş televiziya proqramları artırılmalıdır.
İnsanlarda neqativlik yaradan verlişlərin sayını minimuma endirmək istəyərdim. Onsuz da insanların kifayət qədər problemi var, əlavə olaraq başqalarının problemlərini müzakirəyə çıxartmağı dayandırmaq yaxşı olar. Çünki belə təbliğatlar nəinki inkişaf etdirir, hətta insanları mənfi istiqamətlərə yönəldirlər, sanki variant, yollar göstərirlər.
Daha kreativ, daha intellektual, insanlara pozitivlik yükləyən, maarifləndirici, əyləncəli, öyrədici, inkişafetdirən və sairə verlişlərin çoxalmasının tərəfdarıyam. Düzdür, sayılan bütün istiqamətlərdə verlişlər var, amma sayının artmasını çox istəyərdim və pararlel, həmin verlişlərin sosial şəbəkədə də aktivliyi mütləqdir. Məqsəd daha çox kütləyə çatmaq olmalıdır.
-Bildiyimiz kimi, bizim portalımız- "Ədəbiyyat və İncəsənət" portalı mədəniyyətin inkişafı və müxtəlif sahələri ilə maraqlanır. Portalımızın gəncləri də daim inkişafa meyilli gənclərdir. Bəs siz gələcəyin qələm sahiblərinə, jurnalistlərinə, rejissorlarına və s. nə demək, nə tövsiyyə etmək istərdiniz?
-Mən özüm də gənc olduğum üçün tövsiyyə etməkdən çox, öz fikirlərimi bölüşmək istərdim. Hər zaman inkişaf etsinlər, keyfiyyətli işlərlə fərqlənməyi bacarsınlar, işlərini sevərək etsinlər, etdikləri hər bir işin yaradacağı təsiri mütləq nəzərə alsınlar, ən əsası, işlərində vicdanlı olmağı bacarsınlar və özlərinə dəyər verməyi unutmasınlar.
-Nailə xanım, vaxtınızı ayırdığınız və fikirlərinizi bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə daimi müvəffəqiyyətlər arzu edirik. Sizi tanımaq xoş oldu.
-Mənim üçün də xoş oldu, təklifiniz üçün təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)