Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq, sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək.
Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirovun, Bəsti Şərifin, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.
Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.
Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək.
Milli Musiqi Günü münasibətilə təşkil olunacaq konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə baş tutacaq. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim ediləcək, vətənpərvərlik ruhunda şeirlər səsləndiriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)