“İrsimizi tanıyaq və qoruyaq”da bu dəfə “Çıraqqala-Şabran” qoruğu

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “İrsimizi tanıyaq və qoruyaq” layihəsinin növbəti təqdimatı “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi abidələrə həsr olunub. Qoruq haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.

 

Dövlət Xidməti xəbər verir ki, məlumatda bildirilir: dünya əhəmiyyətli Çıraqqala abidəsi (ümumi uzunluğu 120 km) divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa olunub. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər. Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.

Sovetlər dövründə baxımsızlıq üzündən qala bir neçə yerdən dağıntıya məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli Sərəncamına əsasən, “Çıraqqala, 27 sentyabr 2003-cü il tarixli sərəncamla isə “Şabran” qoruqları yaradılıb. Bundan sonra abidələrdə geniş araşdırma işləri aparılıb.

Qoruğa daxil olan Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcü, XV əsrdə çəkilmiş 45 kilometrlik su xətti və s. aşkar edilib. Şabran qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani (1120-1190) Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur “Həbsiyyə” əsərini də burada qələmə alıb.

Gilgilçay səddi Dərbənd keçidində tikilmiş müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Sədd 4 hissədən ibarətdir. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Səddə ən uca bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir.

Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

“Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.

Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə dövlət başçısının 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə vəsait ayrılıb. Həmin ilin may ayından abidədə möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.