Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfəri başa çatmışdır.
Səfər çərçivəsində sentyabrın 8-də - sonuncu gün nümayəndə heyətinin ÇXR mədəniyyət və turizm nazirinin müavini və Milli Mədəni İrs Administrasiyasının administratoru, Çin Mədəni İrsin Təşviqi Assosiasiyasının prezidenti, Çin Milli İncəsənət Fondunun Baş katibi və YUNESKO-nun Preah Vihear Məbədinin Qorunması və İnkişafı üzrə Beynəlxalq Əlaqələndirmə Komitəsinin Çin tərəfindən olan həmsədri Li Çün ilə görüşü keçilib.
“Ədəbiyyat və incəsənət” portalı aktuallığını nəzərə alaraq, nazirliyə istinadən Adil Kərimlinin Çin səfərindəki son görüş barədə daha ətraflı məlumat verir.
Azərbaycan nümayəndə heyətini səmimi salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.
Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün eyni zamanda beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb.
Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb.
Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən Böyük İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər.
Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qoruması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur.
Nazir Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.
Ermənistan tərəfindən Azərbaycanın tarixi ərazilərinin 30 il ərzində işğal altında saxlanıldığını diqqətə çatdıran Adil Kərimli bu müddət ərzində bütün infrastrukturun, o cümlədən tarixi, mədəni və dini irsin vandalizmə məruz qaldığını, mənimsənildiyini və talan edildiyini vurğulayıb. Bildirilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq ərazilərimizin 30 illik işğalına son qoyub, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa edib. Müharibədən sonra Ermənistanın törətdiyi vandalizmin gerçək vəziyyəti ortaya çıxıb, yüzlərlə şəhər, qəsəbə və kəndlərimizin yer üzündən silindiyi məlum olub.
Müharibədən qısa müddət sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinə başlanılıb. Tarixi torpaqlarımızda mədəni irsin də bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi və dini abidələrin bərpası artıq başa çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)