Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Tovuz rayonunda vətəndaşları qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan öncə nazir Adil Kərimli və Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov Ümummilli lider Heydər Əliyevin Tovuz rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tovuz rayon Nizami adına Mədəniyyət evində keçirilən qəbulda əsasən Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, tarixi abidələrin vəziyyəti ilə bağlı təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)