Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanaraq təqdim olunub.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə rəsmi sənədlər, fotolar, eləcə də Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə Laçın şəhəri haqqında, həmçinin Vətən müharibəsi, Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 2023-cü il iyulun 31-də Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamış, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunması ilə bağlı göstəriş vermişdir. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)