Mədəniyyətlə bağlı lətifələrin aprel reytinqi Featured

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 4-ci yerdə qərarlaşan lətifə təqdim olunur.

 

4-cü yer

Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır. 

Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:

- Ustad, mən necə kamança çalıram...?

Habil Əliyev gülümsəyərək deyir:

- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.

 

 

Xatırladaq ki, 5-ci yerdə bu lətifə gedirdi:

Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.

Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:

-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?

Pərt olan tenor söyləyir:

-Mən Karuzoyam. Tanımadız ki məni?

Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.

-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:

-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş. 

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.