“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Sabir Məmmədovdur.
SABİR MƏMMƏDOV
(1961)
***
Kamal Həsənov var idi, professor, rəqs müəllimi. Çox gözəl insan və çox yaxşı müəllim idi. Ruhu şad olsun.
“Babamızın babasının babası” filminə çəkildiyim üçün dərslərdə olmamışdım. Zaçot vaxtı idi:
– Balası, sən mənim dərsimdə olmamısan, mən sənə zaçot yazmayacağam, – dedi.
– Kamal müəllim üzrlü səbəbdən dərsdə olmamışam. Kinoya çəkilmişəm.
– Yaxşı eləmisən, adam kinoya çəkilər də. Yaxşı, de görüm nə bacarırsan?
– Tanqo, vals, uzundərə…
– Onu mən öyrətmişəm. Sən özün nə bacarırsan?
Ani fikirləşəndən sonra:
– Sağ əlimlə sol qulağımı tuta bilirəm, - dedim.
– Tut görüm…
Tutdum.
– Malades. Başqa nə bacarırsan?
– Sol əlimlə də sağ qulağımı tuta bilirəm.
– Tut görüm.
– Tutdum.
– Malades. Sən öz qulağıvı normal, adam kimi də tuta bilirsən?
– Əlbəttə.
– Malades. Ver zaçotkanı…
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)