“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Bəsti Cəfərovadır.
BƏSTİ CƏFƏROVA
(1959)
***
Mədəniyyət və İncəsənət Universitetində təzə işlədiyim vaxtlar idi. Mənim kursumda oxuyan tələbələrdən biri yaxınlaşıb:
– Bəsti xanım, eşitdiyimə görə Tofiq İsgəndərovun quruluş verdiyi…
– Adil İsgəndərovun, – sözünü kəsib, düzəliş elədim.
– Hə, hə… Adil Kazımovun…
– Adil İsgəndərovun…
– Hə də, Adil İsgəndərovun quruluş verdiyi və Səməd Rüstəmin…
– Offf, Səməd Vurğunun…
– Üzr istəyirəm, Səməd Rahimin…
– Vurğunun!
– Vurğunun-Vurğunun… Adil İsgəndərovun quruluş verdiyi və Səməd Vurğunun “Kral Lir” tamaşasında…
– “Vaqif” tamaşasında…
– “Vaqif” tamaşasında siz Molla Vəli Vaqifin… arvadını oynamısız…
– Sizin imtahanınız nə vaxtdır?
– Üç gündən sonra. Yəqin ki, mən əla qiymət alacağam.
– Niyə ki? Hər şeyi qarışdırdığın üçün? O boyda sənətkarların adını düz deyə bilmədiyin üçün?
– Yox, sizi əsəbiləşdirə bildiyim üçün.
– Başa düşmədim. Buna görə adama əla yazırlar?
– Tapşırığı özünüz vermişdiz ki… müəllimi əsəbiləşdirmək, – tələbə gülərək dedi. Mən bunu bacardım…
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)