Fəxrəddin Manafov o aktyoru necə pərt etdi Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Fəxrəddin Manafovdur.

 

FƏXRƏDDİN MANAFOV

(1955)

 

***

Çəkiliş prosesi çox mürəkkəb və maraqlı olur. Çünki meydançada müxtəlif peşə sahibləri işləyir və bütün diqqət təbii ki, aktyor üzərinə yönəlir. Bir neçə-əhvalat danışım…

Demək, bir dəfə çəkilişdə operatoru kimsə çox əsəbiləşdirmişdi. Adam yerə-göyə sığımırdı. Səsini almışdı başına:

– Bu dəqiqə buraları alt-üst edərəm! – deyib çığırırdı.

Axırda Rasim Ocaqov dözmədi:

– Yaxşı da, başa düşdük, kamera əlindədir, bir dublda Fəxrəddini tərsinə çəkərsən, buralar alt-üst düşər, sən də arzuna çatarsan…

 

***

Kinoya təzə çəkilən vaxtlarım idi, yeni filmə çəkilirdim. Bizim məşhur aktyorlardan biri çəkiliş meydançasından kənarda, sərin bir yerdə ayağını ayağı üstə aşırıb, oturmuşdu. Mənim yerim bitəndən sonra su içmək üçün qan-tər içində qaçaraq, həmin məşhurun yanına gəldim. Adam məni görəndə:

– Hə, cavan oğlan, orda işlər necə gedir? – xəbər aldı.

Mən də su içə-içə:

– Nə bilim, – cavab verdim, – Rasim Ocaqov dedi ki, bu gün mənə qədər çəkilən yerlərin hamısı zibildir.

Adam qaşlarını çatıb mənə baxdı:

– Deyəsən axı, bu gün səhərdən məni çəkiblər!

İkimiz də güldük…

 

 “Ədəbiyyat və incəsənət”

(03.03.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.