O, almana hansı bağından meyvə aparırmış? Featured

“Ədəbiyyat və incəsənət” portalı ənənəni pozaraq bu gün sizə Hümbət Həsənoğlunun aforizmlərini vermək əvəzinə onun başına gələn çox maraqlı bir hadisəni nəql edir. Özü də Hümbət Həsənoğlunun öz dilindən. 

 

 

Bakıda işlədiyim vaxtlarda Almaniya dövlətinin Azərbaycanda həyata keçirtdiyi layihə çərçivəsində bir almanla tanış oldum. İlk gəlişi idi onun Azərbaycana. 

Almaniyada bir müddət yaşadığıma və dili də az-çox bildiyimə görə tez dostlaşdıq. 

Alman dostlarım qəribçilikdə mənə çox dəstək olmuşdular, bu səbəbdən bura gəlmiş almana diqqət göstərmək istəyim içimdən gəlirdi.

Hər şeydə " alman hesabı" aparan almana diqqət göstərmək elə də asan iş deyildi. Ona hər hansı hədiyyə etmək cəhdinin narahatçılıqla qarşılayacağını da  bilirdim. 

Fikir verdim ki, dostum bizim meyvələrdən ağız dolusu danışır, onların çox şirin və ləzzətli olduğunu vurğulayır. 

İşlədiyim qurum Nizami metrosuna yaxın idi və metrodan bir az aralı böyük meyvə dükanı vardı.

Meyvəsatanla tez dostlaşdım. Hər gün işə getməmiş yaxşı mövsümü meyvələrdən seçib alman dostumu qonaq etməyə başladım. 

İlk dəfə meyvəni gətirəndə o, çıxarıb pul vermək istədi. 

Dedim:-Helmut, bunlar mənim öz bağımın məhsullarıdır. Bizdə öz bağının məhsullarına görə pul almırlar, adətimiz belədir. 

Razılaşdı.

İndi təsəvvür edin, mən mövsümə uyğun meyvələr alıb gətirirəm, özü də necə meyvələr; gilasdan, ərikdən, şaftalıdan tutmuş, alma, armud, nara qədər. Proqram bir ilə hesablandığından mən alman dostuma bərəkətli torpağımızın  bütün meyvələrini daddıra bildim. Hər dəfə də meyvə çeşidini görən alman deyirdi ki, onun ən böyük arzusu mənim bağımı görməkdir. Bir belə meyvənin yetişdiyi  bağa heyranlığını hər dəfə dilə gətirirdi.

Mən də Sumqayıtdan, uzaqdan gəldiyimi və bağımın da uzaqda olduğunu bəhanə gətirir, amma hər dəfə də söz verirdim ki, onu mütləq bağıma aparacağam.

Bir payız günü səhər meyvə dükanının qabağında növbəti dəfə meyvə seçərkən kimsə arxadan məni bərk qucaqladı. Dönüb gördüm ki, alman dostum Helmutdur. O məni təkrar-təkrar qucaqlayaraq dedi: -Mən sənin bağını nəhayət ki, gördüm! 

Bunu deyərkən o, ürəkdən güldü.

Sonradan Almaniyada onun evində qonaq olanda, o, öz ailə üzvlərinə mənim Azərbaycandakı bağım haqqında sevinclə və böyük məmnunluqla  danışırdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.