“Onsuz da sənin adam olmağından keçib” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Ceyhun Mirzəyevdir.

 

CEYHUN MİRZƏYEV

(1946-1993)

 

***

Bağ qonşumuz vardı, içkiyə meylli adam idi. Qonum-qonşudan borc almadığı adam qalmamışdı.

Bir gün həyətdə oturmuşduq, bir də gördüm həyət darvazası döyülür. Gedib açdım, heç kəs yox. Elə bildim səs eşitmişəm. Elə keçib təzəcə oturmuşdum ki, darvaza bir də döyüldü. Baxdım, yenə heç kəs yox. 

Qapını örtüb elə bir-iki addım atan kimi, darvaza yenə döyüldü. Əsəbiləşdim. Qalxıb hasardan güdməyə başladım. Gördüm qonşudur, aşa-aşa gəlib qapını döyür, bir yerdə qala bilmədiyi üçün aşa-aşa hasarın tinində itir. Sonra yenə qapını döyməyə gəlir.

Hasardan atılıb onu tutdum.

– Nə var, niyə qapını döyüb, itirsən? 

 Məni görəndə bir az özünü yığışdırdı:

– Qonşu, qadan alım, mənə 10 manat borc pul ver, bir həftəyə qaytararam, – yalvardı.

– Əəə, – dedim, – sən hələ borc almağa gəlmisən, mən səni hasardan atılıb tuturam, qaytaranda necə tutacağam? – xəbər aldım. Başımı bulayıb, ona 10 manat verdim.

– Götür, onsuz da sənin adam olmağından keçib, – deyərək, həyətə girdim.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.