Yazıçı Xeyrəddin Qocanın satirik “Yuxu” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılacaq.
Yeni il qabağı qəribə bir yuxu görmüşəm, ərz eləyim qulluğunuza, görüm bu yuxunu necə yozursunuz.
Yuxuda görürəm ki, yüz il əvvəl dünyaya göz açmışam. Görürəm "Molla Nəsrəddin" adında bir jurnal çıxır, səs-sorağı aləmə yayılıb. Fikirləşirəm, ayə, bu jurnal niyə belə məşhuri-cahan olub? Götürüb vərəqləyirəm, görürəm paho, burada nələr yazılmayıb?! Daha millətin əyər-əskiyi qalmayıb, hamısı aləmə faş olub. Molla, tacir, it boğuşduran, xoruz döyüşdürən, quşbaz, fala baxan, rəml atan, yalançı, yaltaq, fırıldaqçı, əliəyri, rüşvətxor, ağılsız, axmaq, bir sözlə, "şəngülüm", "şüngülüm" hamısı ələ salınıb. Camaat da oxuyub gülür. Camaata nə var ey, onlara gülmək olsun...
Sonra yuxuda görürəm ki, yaşaya-yaşaya gəlib çatmışam indiki zamanlara. Qəzet-jurnal o qədər çoxdur ki, oxuyub qurtarmaq olmur. Qələm əhli "Molla Nəsrəddin" kimi yaza bilməsə də, millətin çatışmazlıqlarından ağına-bozuna baxmadan, o ki var, yazır. Keçmişdə pis əməllərlə məşğul olanların çoxu indi molla olub, it boğuşduranlar yenə it boğuşdururlar, xoruz döyüşdürənlər yenə xoruz döyüşdürürlər, quşbazlar quşbazlıqlarıynan məşğul olurlar, fala baxanlar kompüterdə fala baxırlar, rəml atanlar ekstrasenslik edirlər, yalançılar yalanlarının doğru olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar, fırıldaqçılar təzə üsullar tapıblar, əliəyrilər, rüşvətxorlar böyük-böyük vəzifələr tutublar, "şəngülüm", "şüngülüm"lər əməlli-başlı adam olublar.
O bunu söyür, bu da onu. Qalmışam mat-məəttəl. Yüz ildə nə dəyişildi ki?
Görəsən, bu yuxunu yozan tapılacaqmı?
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)