Heç özündən xəbərin var?, - deyə rejissor Bəşir Səfəroğlundan soruşdu Featured

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Bəşir Səfəroğludur.

 

BƏŞİR SƏFƏROĞLU

(1925-1969)

 

***

Bir müddət fəhlə, yük maşınında sürücü işlədim. Rejissor Niyaz Şərifovla tanış oldum:

– Sən imkan tap, müntəzəm olaraq, teatrın tamaşalarına gəl bax, – dedi. 

İmkan düşdükcə tamaşalara baxdım. Ürəyim yaradıcılıq ehtirası ilə çırpınır, həyəcanlanır, daxili iztirablar keçirirdim. Ömrümün bu gərgin çağlarında bir gecə yuxuda çox həyəcanlandım, yuxudan qan-tər içində qalxdım. Səhərin açılmağını, teatra gedib gördüyüm yuxunu Niyaz Səfərova danışmağı gözləyirdim.

Heç kəslə kəlmə kəsmədən teatra getdim. Rejissor dostumla görüşüb yuxunu ona danışdım. Niyaz məni dinlədikcə təəccüblənirdi. 

– Niyə mənə elə baxırsan? – heyrətlə soruşdum.

– Heç özündən xəbərin var? – soruşdu. Əvvəlcə heç nə başa düşmədim, sonra hiss etdim ki, daha danışanda dilim dolaşmır.

Bir müddət sonra məni truppaya aktyor qəbul etdilər. Üzeyir və Zülfüqar Hacıbəylilərin klassik operettalarında, əsasən, çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış etdim.

 

***

Teatrın məşqinə gecikirdim, odur ki, avtobusun basabas olmağına baxmayaraq özümü birtəhər içəri sala bildim.

Kimsə məni tanıdı:

– Aaa, Bəşir Səfəroğlu, yol verin, yol verin ona… 

Birtəhər yerimi rahatlaya bildim. Elə bu vaxt kimsə lap basabas salıb məni sıxmağa başladı. Axır dözə bilmədim:

– Düşürsən? – həmin adamdan soruşdum.

– Yox Bəşir müəllim, o biri dayanacaqda düşəcəyəm, – dedi.

– Əşşi, avtobusdan demirəm ey, belimdən deyirəm, düşürsən, ya yox?

Salonda gülüşmə qopdu. Avtobus dayanan kimi adam düşüb getdi.

 

 

“Ədəbiyyat və incəsənət” 

(16.01.2023) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.