Yunus Oğuzun “Bekarçılıqdır, Mirzə” felyetonunu oxucularımıza təqdim edirik. Həqiqətən də aktual mövzudur. Faciəvi hal alan bir prosesə incə yumorla toxunmaq oxunaqlı və maraqlıdır.
Bu bekarçılıq nə mərəzdirsə virus kimi düşüb hamının canına. İçəridən də yeyir, çöldən də. İşləyən də, işləməyən də, yeyib-içən də bekarçılıqdan gileylənir. Peşimansan ki, kimdənsə soruşasan "neyləyirsən?" Dərhal cavab verəcək: "Bekarçılıqdı, Mirzə!"
Alatavada yaşayıram. Burada özgə aləm var. Hamı nə iləsə məşğuldur. Kimisi gecəqondu evlərin mərtəbəsini artırır ki, bir az qazansın (neçə ildir "buralar söküləcək" deyirlər), " kimisi "taksavatlıq" (özləri belə deyirlər) eləyir, kimlərsə də puldan domino, nərd vurur. Bir sözlə heç kim bekar qalmır. Amma hansından soruşsan ki, "neyləyirsən?", bir ağızdan deyəcək ki, bekarçılıqdı, Mirzə!
Binamızın qabağında taksisilə Tofiq adlı birisi dayanır. Nədənsə hər onu görəndə Ağanatiq demək istəyirəm. Çox qəribə xasiyyəti var. Deməli, adam siqaret çəkəndir. Özü də elə belə yox e... lap sümürənindəndir, həm də qəribəliyilə. Siqaret çəkmək istəyəndə gedir oturur taksidə. Çəkib qurtarandan sonra maşından düşür. Soruşuram:
- Qədeş, nöş belə eləyirsən? Gül kimi havada siqaretini çək də.
Cavab verir ki, qədeş, belə olmayanda tüstünün ləzzəti döşümə yatmır.
Sağ olsun alatavalılar! Böyüyə-kiçiyə hörmət edəndilər. Mən Mirzəni görən kimi çömbəlib oturmuş cayıllar ayağa durur, sağ əllərini ürəklərinin üstünə qoyub salamlaşırlar.
Tofiq də bunların başında. Soruşuram neyləyirsiz?
Hamısı bir ağızdan cavab verir:
- Bekarçılıqdı, Mirzə!
Soruşuram ki, ay Tofiq qədeş, sən niyə bekar olursan? Sənin ki, taksin var. Allaha şükür ki, bizim binadan da daimi müştərilərin.
Gülə-gülə cavab verir ki, Mirzə, taksilə kasıbçılığımı eləyirəm. Belədə isə bekarçılıqdır.
Onda anlayıram ki, bekarçılıq ulu məmləkətimdə nə deməkdir. Sən demə maaşa işləmək, evinə çörəkpulu aparmaq çoxları üçün bekarçılıq hesab edilir. Bekarçılıqdan bilmərrə qurtulmaq üçün kişi gərək "qaz vurub, qazan doldursun", haram, halal evinə çoxlu pul aparsın. Bunların gözü ilə hamı bekardı, maaş isə kasıbçılıq etmək üçündü. Kasıbçılıqdısa, deməli, bekarçılıqdı.
O gün köhnə tanışımı görürəm, hal- əhval tuturam. Yazıq sifət alıb deyir:
- Bekarçılıqdı, Mirzə. - Sonra əlavə edir. - Mirzə, sənin əlin yuxarılara çatır. Mənə bir iş. Nə iş olsa görərəm.
Mən də sifətimi müdrük görkəmə salıb çalışıram bu tanışıma guya bir yardım eləyim, amma bilirəm ki, onun imkanları məndən çoxdur. Bununla yanaşı özünü bekar adlandırır.
Mən də başlayıram onunla məzələnməyə. Deyirəm filan yerdə işləyərsən. Cavab verir ki, mənlik döyül, orda daş-baş yoxdur. Bir-bir vəzifələri sadalayıram.
Hamısından imtina edir. Soruşuram:
- Bayaqdan deyirdin nə iş olsa işləyərəm. Bəs bu cavabın nədir?
Cavab verir:
- Mirzə, məni düz başa düşmədin. Mən bekarçılıqdan qurtulmaq istəyirəm. Belədə nə deyirsən varımdı. Özümçün kasıbçılığımı eləyib dolanıram.
- Elə isə bekarçılığını elə! - deyirəm...
Osmanlı qardaşlarımızda "bekar" sözü ayrı məna verir. Kim evlənməyibsə ona bekar deyirlər. Sən demə ta bineyi qədimdən millətimizin işi, gücü yalnız evlənməkdən ibarət olub. Başqa işlə yəni elmlə, yaradıcılıqla, sənətkarlıqla məşğul olanlara birtəhər baxıblar...e... Hökmən gərəkdir ki, bekarçılığın daşını birdəfəlik atasan. Bizdə də bekara subay deyilir. Onlarda subay zabit anlamına gəlir. Demək bekarçılığa son verdinsə oldun subay, yəni evin zabiti. Bu da kişilənməyin bir növüdür. Vay dədə, vay, kişilənməyin qüdrətinə bax da. Uşaqları sünnət eləyəndə böyüklər gülə-gülə deyirlər ki, hə indi oldun kişi. Bir az da keçər subaylığa son verərsən. Bu millətin işi-gücü yoxdur: Bekar, subay.
O de deputatxanamızda əksəriyyət bekarçılıqdam bezib, amma bilmirəm bekarçılıqdan, yoxsa subayçılıqdan. Hər halda bekardılar.
Gavur Paşinyan bekarçılıqdan Şuşada qol qaldırıb, qıç qaldırıb, halay qurub yallı gedəndə, bizim deputat İrasim bekarçılıqdan keçidlərdə popkorn satanların üstünə yeridi. Deyir ki, bəs əcnəbi turistlər keçidlərdə üfunət iyinə rast gəlsələr bizdən inciyəcəklər. Daha ulu məmləkətimə gəlməyəcək, hər yerdə deyəcəklər ki, Azərbaycana getməyin. Rəhmətliyin oğlu elə bil xaricdən təyyarə ilə Bakıya gəlməyib. Uçaqdan düşən kimi ciyərdolusu neftin iyilə nəfəs alırsan. Ürəyində fikirəşirsən ki, kaş neft verən bu qoxulu hava yaşıl əskinaza çevriləydi. Bəziləri üçün də çevrilib. Kimlərsə bekarçılıqdan neft havasını pula döndərib. Hələ demirəm ki, bəzi deputatlarımız bekarçılıqdan bizneslə, bəziləri hörgü işilə, müəllimliklə, natiqliklə daha nələrlə... nələrlə məşğul olurlar. Mən heç məmurları demirəm. Bekarçılıqdan kimisi ev tikir, kimisi market işlədir, kimisi cinsindən asılı olmayaraq pop müğənni saxlayır, kimisi də nə bilim vallah daha nələrlə məşğul olur- vətəgə, ferma, əkinçilik, bostançılıq və sairə...sairə.
İndi anlayıram ki, bekarçılıqdan şair şeir, nasir roman, elm adamı elmi iş yazır...
Elə mən də bu felyetonu bekarçılıqdan yazdım.
Bekarçılıqdı, Mirzə!
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)