Nəsibə Zeynalova: “Adamı eləmədiyi işə görə danlamaq olar?” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

NƏSİBƏ ZEYNALOVA

(1916-2004)

 

***

 Cavan idim, tanış-bilişin boş-boş sözlərindən, həyat qayğılarından sarsılmışdım. Təzə tamaşadakı rolumu oxumağa belə həvəsim yox idi. Hətta teatrdan uzaqlaşmaq barədə düşünürdüm. Elə sakitcə evdən çıxıb məşqə getdim. Hər an ərizəmi yazıb işdən çıxmağa hazır idim.

 

Məşq başladı. Yenidən teatrın sehrinə düşdüm, ağlıma boş-boş fikirlər gətirdiyim üçün peşman oldum. Bir azdan rolu əzbərləmədiyim üzə çıxacaqdı, odur ki, rejissoru qabaqlamaq istədim:

– Məhərrəm müəllim, siz necə bilirsiz, adamı eləmədiyi işə görə danlamaq olar?

Məhərrəm Haşımov gözlərini döyərək:

– Əlbəttə olmaz. Heç olmaz. Bu, tərbiyəsizlik olar, – dedi.

– Məhərrəm müəllim, onda deyim, siz də bilin. Mən rolumu öyrənməmişəm. Eləmədiyim şeyə görə indi durub məni danlayası deyilsiniz ki, düzdür?

Rejissor da, aktyor dostlarım da xeyli gülüşdülər…

 

 ***

1991-ci ilin yayında məni bir neçə sənət dostumla Sumqayıta konsert proqramına dəvət etmişdilər. Konsertdən əvvəl cavan bir oğlan yaxınlaşıb jurnalist olduğunu və şəhərdəki gənclər qəzeti üçün müsahibə almaq istədiyini bildirdi. Vaxt az olduğundan tez-tələsik cavablar verirdim.

– Kinoda yaratdığınız obrazlar içində ən çox hansını sevirsiniz?

Jurnalist bu sualını verəndə bir anlıq duruxub qaldım. Az yaşım yox idi. 75 yaşımın böyük hissəsini sənətdə keçirmişdim, bütün rollarımı sevirdim, amma o an başa düşdüm ki, nəsə bir istisna olmalıdır. Bir qədər fikirləşdikdən sonra:

– Oğlum, – dedim, – indi başa düşdüm ki, mənim ən çox sevdiyim rol, “Ögey ana” filmindəki Fatmanisə qarıdır.

Oğlan da çaşıb qaldı:

– Mən elə bilirdim Cənnət xalanı söyləyəcəksiz, – sakitcə dedi.

– Əslində, Cənnət xalanı da çox sevirəm, amma Fatmanisə qarı mənim kinoda ilk işimdir. O filmə çəkiləndə 40 yaşım vardı, amma 80 yaşlı qarını oynayırdım. Məncə pis alınmayıb. Elə də yaz, oğlum, Nəsibə Zeynalova kinoda oynadığı rollardan Fatmanisə qarını lap çox bəyənir.

 

  “Ədəbiyyat və incəsənət”

(26.12.2022)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.