“Nəsiminin dərisini niyə soysunlar ki?” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

MƏMMƏDRZA ŞEYXZAMANOV

(1915-1984)

***

“Nəsimi” filmi aləmə səs salmışdı. Hamı o filmdən danışırdı. Bir gün teatrda məşqdən çıxanda dedilər ki, kimsə aşağıda mənimlə görüşmək istəyir. Gələn adamın çoxdan gözlədiyini eşidəndə onu artıq gözlətməyə qıymadım, elə tərli-tərli aşağı düşdüm. Yaşlı bir kişi idi. Başında buxara papaq vardı. Məni görəndə hal-əhval tutub görüşdü. İlk dəfə gördüyümə tam əmin idim.

– Mən mollayam, – ağır-ağır dedi. – O kafir Nəsiminin dərisinin soyulmağında sənin böyük əməyin keçdi, yoxsa yenə kəfəni yırtacaqdı.

Çaşbaş qalmışdım.

– Ay kişi, o filmdir, kinodur. Ağsaqqal adamsan, nə danışdığını bilmirsən, – təpki ilə cavab verdim.

– Çox yaxşı bilirəm nə danışdığımı. Nəsimi kimi kafirlər bu dini parçalamağa çalışıblar, görüm onların kökü kəsilsin. Alaq otu kimi haradan desən çıxırlar.

Hiss etdim ki, kişini incidiblər. Özümü ələ alıb nə baş verdiyini soruşdum. Dedi ki, Kürdəmir tərəfdən gəlib, nəsə, kənd soveti onun mollalıq eləməyinə mane olur. Kömək etmək üçün mənim əlimdən heç nə gəlməsə də ağlımdan bir fikir keçdi. Kişinin adını, ünvanını götürüb ayrıldım. Teatrdan Həsən Seyidbəyliyə zəng vurdum, əhvalatı danışdım. 

Təxminən 10 gün sonra teatra mənim adıma bir teleqram gəldi: “Şeyx Əzəm, çox sağ ol. Kənd soveti məscidin qapısını açmağıma razılıq verdi. Hörmətlə, molla Mirzəli.” 

 

 

 

 “Ədəbiyyat və incəsənət” 

(24.12.2022) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.