Çinin bizə soxuşdurduqları - SATİRA Featured

“Ədəbiyyat və incəsənət” portalının Gülüş Klubunda bu gün sizlərə şair Ayaz Arabaçının satirik bir şeiri təqdim edilir.

 

 

Bayquşlar məclis quran xarabaya dönmüşük,

Zaman taleyimizə Mədain soxuşdurub..

Heç harda adam kimi rahatlıq tapammırıq,

Elə bil içimizə kimsə cin soxuşdurub.

 

Geşt elədim eninə mən bu qoca meydanın,

Nə ruhu var, nə canı güli-rüxi-şeydanın,

Dünyanın o başından barmağı baş şeytanın,

Aramıza ədavət, qərəz, kin soxuşdurub..

 

Bir tərəfdə solçular, bir tərəfdə sağçılar,

Kim dinir haqdan deyir, kimdi bu gün haqçılar,

Tanrı əgər birdisə bəs bu fırıldaqçılar,

Onda niyə ortaya əlli din soxuşdurub.

 

Çoxdu yalandan yanan, kimsədə od tapmıram,

Hər şeyə var istəyim heç kimə "xod" tapmıram,

Mən həyatın ritminə girməyə kod tapmıram,

Kimsə başımdan pozub başqa pin soxuşdurub.

 

Üstümüzü… soyuqdu, yaza kimi yat, örtək,

Çabalayıb qalmışam "istuk"olmuş matortək,

Kitayiski adamlar artır inqubatortək,

Bəlkə elə bunları bizə Çin soxuşdurub.

 

Çox düşübdü aşağı şair, məhsuldarlığın..

Dərsini təkrarlayır dövrümüz quldarlığın,

Ad çəkməyə qorxursan, bu qədər murdarlığın, 

Hamısını ölkəyə "Made in.."soxuşdurub..

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.