Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Mənə 100 manat ver, sabah bu vədə sənə üstündə də 50 manat artıq qaytaracam.
-Sən öl 100 yoxumdur, 100-ü qoyaq bir kənara, onda sabah bu vədə gəlib 50-ni səndən götürüm də.
2.
Bizim xalq çox qədirbilməzdir. Şikayətlənirlər ki, kərə yağı 12 manatdan 20-yə qalxıb, ət 3 manatdan 19-a qalxıb, xamanın 300 qramı 2, 50-dən 4-ə qalxıb, ay nə bilim, melit xiyar tarixinin rekorduna - 7 manata çıxıb. Amma heç deyən yoxdur ki, “Bugatti veyron” avtomobili 2,5 milyondan 2,495 milyona düşüb, yaxtalar 3 milyondan 2,9 milyona düşüblər, Londonda 5 milyona mülk almaq istəyənə tarif şuramız 10 minlik kupon verir və s.və i.
3.
Əsəd daha yoxdu, yerində Əsəb gərginliyi var.
4.
İcra başçısının şəhərin hər yerinə vurulan aforizmlərindən bəziləri:
Rayon onda əsl rayon olar ki, rayonlular əsl rayonlular olsunlar.
Kəndlərdə eşşək saxlamaq lazımdır, suyu və odunu daşımaq üçün eşşəyə benzin tökmək lazım deyil.
Çörəyi hər kəs öz təndirində bişirsə, elə digər produktları da hərə özü öz həyətində istehsal eləsə, daha marketlərə lüzum qalmaz!
Tolerant olub multikultural dəyərlərə söykənən kreativ gənclərimiz COP-dan sonra qloballşamaya daha da inteqrasiya edirlər.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)