Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Oğlanla qız facebook-da tanış olurlar və kafedə görüşürlər.
Görüş istənilən kimi alınmır. Oğlan darıxır, narahatçılıq içində vurnuxur, nəhayət, zəng etmək bəhanəsiylə durub çıxır, qayıdıb gələndə deyir:
-Siz məni bağışlayın, mən getməliyəm, nənəm rəhmətə gedib.
Qız deyir:
-Nə yaxşı. Əks təqdirdə mənim nənəm rəhmətə gedəcəkdi.
2.
Mən çox məsuliyyətli adamam. Əgər bir işi başlayıramsa və onu başa vura bilmirəmsə çox pəjmürdə oluram. Ona görə də heç bir iş görmürəm.
3.
Ağamollayev çox böyük kvadraturada ev alanda makler təəccübləndi ki, bu boyda böyüklük nəyə lazımdır axı.
Ağamollayevin adamından makler bunu soruşanda adam dedi:
-Akvariumu yerləşdirmək üçün.
Makler lap təəccübləndi:
-Lələ, akvarium nə mənədir ki, ondan ötrü min kvadrat ev alasan? Mənim evim səksən kvadratdır, iki akvariumum var.
-Vətəndaş, cənab Ağamollayevinki balıq akvariumu deyil, begemot akvariumudur.
4.
Macarlar AES tikməyə 2 milyard pul xərcləyiblər. Sən demə, bu AES lap zırıltılı xərc aparırmış, lap bizim aeroport yolu qədər.
5.
Biz evlənəndə - 35 il əvvəl həyat yoldaşım and içdi ki, bütün ömrü boyu tək bir adamı sevəcək.
Yalnız indi - 35 ili zor-güc yola verəndən sonra onun yadına saldım ki, sən axı 35 il əvvəl belə bir vəd vermişdin.
Dedi, bəli, vermişdim və vədimə də sadiq qalmışam. Anamdan başqa heç kəsi sevmədim bu illərdə.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)