REPLİKA - Şarlatan xəbərçilər Featured

Varis, “Ədəbiyyat və incəsənət”    üçün

 

 

“Son dəqiqə! 

Avtomobillərin texniki baxışı ləğv olundu.

Ətraflı şərhdə”

Feysbukda bu statusu görüb yüzlərlə istifadəçi kimi mən də sevinc içində şərhdəki linki tıkladım, xəbərə daxil oldum. Və dərhal da məni məyusluq hissi bürüdü.

Azərbaycanın xəbər saytı bu cəlbedici reklamla Nikaraquanın Blumbe əyalətində avtomobillərin texniki baxışının ləğv edilməsi xəbərini paylaşmışdı. 

Təbiidir ki, 5000-dən yuxarı oxunma sayı qazanan bu xəbər heç bir azərbaycanlı üçün lazımlı deyil, onu statusda adam balası kimi “Nikaraquanın Blumbe əyalətində avtomobillərin texniki baxışı ləğv edildi” başlığı ilə reklam etsəydilər bircə nəfər belə girib oxumayacaqdı. 

Deyəsəksiniz, kreativlikdir, oxucu cəlb etməyin yeni texnikasıdır. Amma yox, şarlatanlıqdır, 5000-dən yuxarı insanı aldatmaq, onların zamanını əlindən almaq, hissləri ilə oynamaqdır. 

“Siyavuş Novruzov marketdən oğurluq etdi” başlıqlı xəbər qoyurlar manşetə. Yenə də minlərlə insan bu ad və soyadla tanınan məşhur şəxsi - millət vəkili Siyavuş Novruzovu nəzərdə tutub maraqla xəbəri oxuyur. Amma məlum olur ki, söhbət hansısa Padar kəndində yaşayan 16 yaşlı yeniyetmədən gedir. 

Bu da növbəti xəbər sırıma  manipulyasiyası növüdür. Padar kəndində yaşayan 16 yaşlı yeniyetməni kəndçilərindən başqa 10 milyonluq ölkədə bir kimsə tanımaz. Odur ki, onun xəbəri elə məhz bu adla da getməlidir: “16 yaşlı yeniyetmə marketdən oğurluq etdi”. 

Yox, sən ad və soyadı çəkirsənsə, demək aksenti məşhur millət vəkilinə vurub xəbəri oxuyan oxucuları aldadırsan. 

Öz zay məhsulunu yaxşıca reklam edib satan şirkətlərə cəza verilir, amma çox təəssüf ki, öz yüzüncü dərəcəli zay xəbərini nömrə bir xəbər kimi sırıyıb oxucu sayı qazanan rəsmi xəbərçilərə heç kəs gözün üstündə qaşın var demir. 

Heyif! 

Yazını yazıb bitirəndə gözüm növbəti “şok xəbər” reklamına sataşdı:

“Ağadadaş Ağayevin ölüm xəbəri yayıldı. Ətraflı şərhdə”. 

Bildim ki, bu da növbəti blefdir. Xəbəri oxuyanda buna əmin oldum:

“Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır”.

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələr haqda danışarkən deyib…”

Bu dəfə də “Ağadadaş Ağayev vəfatı barədə şayiələrə cavab verdi” başlığı əvəzinə “Ağadadaş Ağayevin ölüm xəbəri yayıldı” başlığı ilə manipulyasiyaya əl atılıb. Bu da xəbər oxutmaq şarlatanlığının növbəti dozası. 

Bax belə! 

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.