Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Bu gün mərhumun 3 mərasimi idi. Bütün kənd camaatı, qohum-əqrəba gəlmişdi.
Adəti üzrə 90 yaşlı Molla Baxış da məclisin başında oturub yas mərasiminə uyğun söhbətlər edir, bəziləri qulaq asır, bəziləri isə öz aralarında ordan-burdan söhbət edirdi, hətta ölü yiyəsinin mağarda yoxluğundan istifadə edib xısın-xısın gülənlər də var idi…
Məclisin bu anında Oğru Salman mağarın girişində göründü. Hamı ayağa qalxıb onu öz yanında əyləşdirmək üçün can atırdı, o isə hamıya salam və başsağlığı verib mağarın girişində, yas sahibinin yanında əyləşdi.
Artıq onun 60 yaşı olardı. 50 yaşından üzü bəri oğurluq etmirdi… Oğurluğu tərgitmək üçün nə “Qurana” əl basmışdı, nə də tövbə etmişdi. Oğluna bir kəlmə demişdi ki, “Dədəm, sən öl bir də oğurluq etməyəcəm”, - vəssalam…
Hə, burasını da deyək ki, Salman kişi deyilənə görə, bir dəfə də olsun kasıb təbəqədən oğurluq etməzdi, onun hədəfi, özü demiş, harınlamış adamlar və malını yeməyən xəsislər olurmuş...
Oğru Salman gələndən camaatın ona qulaq asmadığın görən Molla Baxış rişxəndlə: -Ay Salman kişi, bax bu cür ölüm hamı kimi səni də gözləyir, bilirsən də?, - dedi.
-Bilirəm, ay Baxış əmi.
-Axirət günü oğurladığın mal sahiblərinə nə cavab verəcəksən? Doğrudan mənim üçün çox maraqlıdır.
İçəri lal sükut çökdü.
Oğru Salman azacıq da düşünmədən söylədi:
– Baxış əmi, o mal sahiblərindən birtəhər halalıq alamağa çalışacam, ala bilməsəm də mən cəzamı çəkməyə hazıram. Sən isə əmin oğlu öləndən bir neçə il sonra onun arvadını aldın. Bəs axirətdə sən ona nə cavab verəcəksən, mənim üçün də bu, çox maraqlıdır?
Amma Molla Baxış verilən suala cavab tapa bilmədi, aciz-aciz gözünü döydü.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)