Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Məmiş, bu saat qaç get marketdən iki dənə doğranmış çörək al gətir.
-Ana, bəs sehirli söz?
-Getməsən vayfayı söndürəcəm.
2.
Yaxınları Dərdayıla gənəşirlər ki, Masazırda dörd sot torpaq satmışıq, əlimizdə bir az pul var, nə biznesi qura bilərik.
Dərdayıl deyir:
-Gəlin, məsləhətimə görə mən də sizə şərik, “Maykrosoft” korporasiyasını alaq.
Yaxınlardan biri hər şeydən xəbərdar müəllim olduğundan əsəbiləşir:
-Sən bizi dolamısan? Heç bilirsən onun qiyməti neçədir?
Dərdayıl təhərini pozmur:
-Nə olsun ki qiyməti çox bahadır? Bir dəfə pul qoyacayıq, zato hər həftə 34 milyard dollar gəlir götürəcəyik.
3.
Dənizkənarı restoranda saz dınqıldadıb pul qazanan Məsiylə Pəsi acırlar, əyləşib ofisianta deyirlər ki, yeməyə nə var.
O da deyir balıq.
-Yaxşı balıqdır?
-Hə e hə, dənizdən indicə çıxarıblar. Pis olsa pulunu almayacam.
Məsi deyir:
-Onda bizə iki pors o balığın pisindən gətir.
4.
Həyatımız barədə olan istənilən lətifə siyasi lətifə sayılır.
5.
Hörmətli FM dinləyiciləri, belə deyək də, dilimizə böyük təhlükə var, gənclər düşdü-düşmədi türk sözlərini işlədirlər.
Deyirlər “ilk öncə”.
Daje uşaq da bilir ki, ilk elə öncədir, bunun biri bəs deyil?
Paçti hamı deyir ki, “aşkım”.
Uje “eşq” sözünə ciddi təhlükə var e.
Ya da deyirlər, “mərak edirəm”
Niyə srazu maraqlanıram demirsiz?
Bir sözlə, kaşmar!
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)