Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Erməni klublarının avrokuboklarda biabırçı iştirakı fonunda klublarımızın böyük uğuru erməni mediasını bərk əndişələndirib, “Hayastan sports” qəzetinin müxbiri Arakelyan yazıb: “Onlar bütün uğurları üçün bizə minnətdar olmalıdırlar. Məsələn, ən güclü klubları olan “Qarabağ”ın ən güclü oyunçusu Yankoviç milliyyətcə ermənidir, bizim hamımızda yan arxada qalıb, amma onda irəli qaçıb.
2.
-Siz niyə evlənmirsiz?
-Qorxuram.
-Nədən?
-Bir dəfə kovid vaxtı ağzımda maska küçə ilə gedirdim, bir qadın üstümə atılıb xayama təpik vurdu, saçımı yoldu, üzümü cırdı. Maskam düşəndə dedi ki, “bağışlayın, elə bildim ərimsiz”.
3.
İsrail bir israilli əsirə iki yüz fələstinli əsir verərək dəyişməyə razı olub. İsrail başa düşüb ki, iki yüz fələstinli əsiri saxlamaq İsrailə bir israilli əsiri saxlamaq Fələstinə başa gələndən daha baha başa gələ bilər.
4.
Dərdayıl “geniş, hüdudsuz torpaq sahəsi satıram” mətni ilə elan verir, bir şəxs gəlir ki, bəs almaq istəyirəm. Dərdayıl da yarım sotluq dar ərazini göstərir. Gələn əsəbiləşir:
-A kişi, sən buna geniş, hüdudsuz torpaq sahəsi deyirsən? Sən camaatı dolamısan? Bunun uzunu-eni cəmi beş addımdır e.
Dərdayıl əllərini göyə tutur:
-Qardaş, mən hündürlüyünü nəzərdə tuturdum, bir bax, ucu-bucağı görünmür.
5.
Elektrik stulunda əyləşib, başağrısı dərmanı istəyir.
6.
RUS YUMORU
Söz azadlığına təminat var. Bəs sözü deyəndən sonrakı azadlığa necə?
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)