“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubunda çoxdandır satira vermirdik, bu gün satira veririk. Müəllifi də sevilən şair Ayaz Arabaçıdır.
Qoy bir azca yaşıl qalsın dünyamız,
Xəzan kimi sarılama, sevgilim.
Həsrətinin
İynəsini batırıb
Məni belə arılama, sevgilim.
Gah Balzakam, gah Qorki, gah Sartram,
Eşqim ilə boy göstərib, artıram,
Mən bu ömrü yüzə tərəf dartıram,
50-dəyəm, yarılama, sevgilim.
Bir ox idim kamanında bilmədin,
Bir ahında, amanında bilmədin,
Qiymət verdim, zamanında bilmədin,
Yarı "layka, yarı lama" sevgilim.
Dirənmişəm bu həyatın üzünə,
Niyə belə tez qaçırsan hüzünə,
Başımı kəs çabalayım, düzünə,
Ürəyimi yaralama, sevgilim.
Heykəl qoydum ürəyimdə dözümə,
Hər deyəndə yaxın durma közümə,
Bir zülümnən yamamışam özümü,
Məni səndən aralama sevgilim.
Bəlkə bizi Yerdən Aya köçürüm,
Qış olmasın qışı yaya köçürüm,
Gedək səni "ağlama"ya köçürüm,
Gedək mənim "qaralama" sevgilim
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)