“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Baş konsul Xeyrəddin Qoca işdə oturmuşdu. Günortaya yaxın attaşe ona xəbər verir ki, Hindistanın baş konsulu onun görüşünə gəlir.
X.Qoca təəccüb edir. Qaydaya görə, baş konsullar bir-biri ilə görüşmək üçün bir neçə gün əvvəl "randevu" alır, yəni görüş gününü və saatını müəyyənləşdirirlər, sonra görüşürlər.
X.Qoca Hindistanın baş konsulunun gəlişinin təsadüf olduğunu düşünərək kabinetindən bayıra çıxır və qonağı qarşılayır. Əyləşəndən sonra qonağa "xoş gəlmisiniz" - deyir və bildirir ki, Hindistanla Azərbaycanın dostluq və qardaşlıq əlaqələri var. Hələ uşaqlıqdan hind filmlərinə çox baxmışdır, hind musiqisinə vurğundur və s. və i.a.
Xeyrəddin müəllim danışdıqca hiss edir ki, qarabuğdayı qonağın sifəti getdikcə qaralır. Buna baxmayaraq Hindistan haqqında yenə xoş sözlər söyləyir. Birdən qonaq dillənir:
-Bilirsiniz, mən Pakistanın baş konsuluyam...
Onda Pakistanla Hindistan arasında münaqişə davam edirdi.
Xeyrəddin müəllim başlayır ki, bəs Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir, o özü də vaxtilə bu ölkədə səfərdə olmuşdur və s. və i.a.
Pakistanın baş konsulu yenə dillənir:
-Bağışlayın, sayın baş konsul, mən sizinlə yox, Səudiyyə Ərəbistanının baş konsulu ilə görüşməliyəm...
Səudiyyə Ərəbistanının Baş Konsulluğu isə Azərbaycan Respublikasının Baş Konsulluğunun 50 metrliyində yerləşirdi. Pakistanın baş konsulu səhvən Azərbaycan Baş Konsulluğuna gəlibmiş...
“Ədəbiyyat və incəsənət”
(30.05.2024)