“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xeyrəddin Qocanın miniatür hekayələri təqdim ediləcək. Əminik ki, dodaqlarınızı qaçıracaq bu hekayələr.
Xeyrəddin Qocanın gülüşü
“Gəlin, mümkün qədər qısa yazaq, onsuz da həyatda söz əlindən tərpənmək olmur”
Y.Lents
Yazıçı Xeyrəddin Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki çatışmazlıqları, nöqsanları, eybəcərlikləri, bir sözlə, bütün naqislikləri tənqid atəşinə tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən maraqlı əsərlər təqdim edir. Dəyərli kitabların, pyeslərin, yüzlərlə satiranın müəllifi olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə mübarizə aparmışdır. Bu yolda onun özünün də başına qəribə əhvalatlar gəlmişdir. Bu əhvalatlarla bağlı yazıçının mənalı, gülüş doğuran hazırcavablığı da, onun atmacaları da, bəzən bilərəkdən, bəzən bilməyərəkdən etdiyi hərəkətlər də - satiraya, yumora, tənqidə xidmət edir.
Xeyrəddin Qoca nəyə isə etirazını bildirir, kimə isə istehza edir, kimlərəsə öz yerini göstərir. Beləliklə, sözün əsl mənasında, nələrə, kimlərə isə gülür. Qəribə (əslində, qəribə görünür) dialoqlar, atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz edir.
"Xeyrəddin Qocanın gülüşü"nün əlyazması ilə tanış olan Xalq şairi Nəriman Həsənzadə yazır: "Hörmətli qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca, gözlərim önündə həyatın istisini, soyuğunu görmüş bir insan canlanır. O birinci növbədə müsahibindən yüksəkdə durmağı bacaran hazırcavabdı. Müdrikdi. Buradakı fəlsəfi ümumiləşdirmələr sadədən mürəkkəbə, mürəkkəbdən sadəyə meyillidi. Çünki müəllif bilir ki, onun oxucuları da müxtəlifdi - hər kəsin özünəməxsus dərketmə qabiliyyəti olur. Buradakı pritçalar, atmacalar, lətifələr, kiçik hekayələr, məişət söhbətləri, düzünə tuşlanmış eyhamlar, satirik müraciətlər, ismarıclar, bir sözlə, bütün ədəbi janrlara bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda olduğunu və həyatın, cəmiyyətin müəyyən məqamlarında mənalar axtardığını, eləcə də mənəvi paklığını göstərən nümunələrdi.
Müəllif hamı və hər kəslə danışdıqca, əslində, öz düşüncələrini çatdırır, beləliklə, teatr işçilərinin dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmır. O, həyatı, insanları sevir, qəlbindəki işığı paylamaq istəyir və paylayır da".
Təsadüfi deyil ki, Türkiyədə yayınlanan "Bu dünyadan məktublar..." kitabı ilə tanış olan ədəbiyyatşünas Camal Anadol X.Qocanı "Azərbaycanın Əziz Nesini", türkiyəli qələm sahibi İrfan Ülkü "Azərbaycanın Zoşşenkosu" adlandırmış, “Hürriyyət” qəzetinin müxbiri Dursun Özdən isə onu Nəsrəddin Xocaya bənzətmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov yazır ki, "Xeyrəddin Qocanın əsərlərində Əziz Nesindən, Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz, onun özüdür - Xeyrəddin Qocadır".
Möhtərəm oxucular!
Sizə təqdim edilən bu miniatür hekayələrdə X.Qocanın deyimlərinin bəlkə də, mində biri toplanmışdır. Bu gülüş "payı"nda yazıçının ayrı-ayrı əsərlərindən fikirlər də verilmişdir. Onlar da yüksək mənalar kəsb edir.
Xeyrəddin Qocanın miniatürlərini çap etdik ki, onun səmimiyyətini bir daha hiss edəsiniz. Görəcəksiniz, satira, yumor, gülüş çox yerdə sizinlə olacaq. Məsəl var, deyərlər: "Bir dəfə ürəkdən gülmək yeddi gün dəniz sahilində istirahətə bərabərdir"
Zəlzələ qorxusu
Xeyrəddin Qoca Azərbaycanın Türkiyədəki səfiri ilə söhbət edir. Türkiyənin Xarici İşlər naziri İsmayıl Cem onlara yaxınlaşır. "Nasılsınız?" deyə soruşur. Səfir təşəkkür edir. "Siz nasılsınız, sayın konsolosum?" - sualına Xeyrəddin müəllim heç kimin gözləmədiyi cavabı verir:
-Nasıl olacağam, bütün gecəni buz dolabının içində oturmuşam!
İsmayıl Cem "Buz dolabında nə yapıyordunuz, əfəndim?" - deyə təəccüblə soruşur. X.Qoca "Zəlzələdən qorxurdum!" cavabını verir.
Heç demə, professorlardan biri televiziyada çıxış edərək demişdir: "Zəlzələ olan kimi masa altına, buz dolabına... girin..."
Bu yaşayışdı ki?
Xeyrəddin Qoca tələbə vaxtı kirayənişin yaşayırdı.
Qapı döyülür:
- Xeyrəddin Qoca burada yaşayır?
- Xeyr!
- Bəs, siz kimsiniz?
- Xeyrəddin Qoca.
- Deyirsiniz ki, burada yaşamırsınız?
- Yəni bu yaşayışdı ki?
(Davamı olacaq)
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)