Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Vətəndaş, məhkəmə sizə ömürlük iş kəsir.
-Bəs SİZO-da saxlandığım bu 3 il necə hesablanacaq?
-Bir il elə bir il.
-Mən etiraz edirəm. Necə yəni bir il elə bir il?
-Yaxşı olsun, bir ilə bir il yarım.
-Şükür!
2.
Mozambikdə avqust ayında qəflətən yağan qar Qlobal İstiləşmə Konfransının təxirə salınmasına səbəb oldu.
3.
Ən böyük xoşbəxtlik odur ki, 80-ci ilin nolaltısı səninçün 2024-ün rəncroverindən daha gözəldir. Onda yaşamaq elə asan olur ki.
4.
Kişi məşuqəsinə əskinasları verərkən məşuqə deyir:
-Bunlar niyə yaşdır?
-Evdən götürəndə arvadım götürdüyümə ağlayırdı…
5.
Ağıllıların mübahisəsinin nəticəsi həqiqətin üzə çıxması olur, axmaqların mübahisəsinin nəticəsi isə dava-dalaş.
6.
Orduya gəlmiş və ilk dəfə tank görmüş kəndli gənc düşündü: Tank qəzəblənmiş traktordur.
7.
Uğurlu idarə rəhbərindən soruşurlar:
-Necə edirsiz ki, sizin işçilər heç vaxt işə gecikmirlər?
O gülümsəyərək cavab verir:
-Çox sadə. Məndə 31 işçi var, parkovka yeri isə cəmi 30-dur. Sonuncu olmamaq üçün çarpışma gedir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)