Xalidə Xalid, “Ədəbiyyat və incəsənət” üçün
İllər öncə bu yazı diqqətimi çəkmişdi. O vaxtlar "İnform.az" saytının rəhbəri olaraq fəaliyyət göstərirdim.
İstədim yarı zarafat, yarı gerçək olan bu yazıya hamı nəzər salsın.
"168 saat" qəzeti, səni heç unutmadım!
“Xəqaninin heykəlindən 20 şaq v levo”
Həmin ünvanda “Russkoyazıçnı” işbazlar jurnalistika kursu açıb gəncləri “maarifləndirmək” istəyirlər.
Təsadüfən əlimə düşmüş bir elan məni və həmkarlarımı olduqca maraqlandırdı. Rus dilində yazılmış elanın məzmunu belə idi: “Jurnalistlik” haqqında arzulayanlara. Bütün sutrka boyu. Azər”. Elanın sonunda telefon nömrəsi də vardı. Bir qədər düşünüb göstərilən nömrəni yığdım:-Alo, salam!
Dəstəyin o başından bir qadın cavab verdi.
-Xanım, mən elanla bağlı zəng edirəm. Zəhmət olmasa, Azəri çağırın.
Bir qədər sonra başqa bir qadın dəstəyi götürdü. O rusca danışırdı.
-Alo, vi povodu kokoqo obyavleniya?
-Xanım, mənə Azər lazımdir. Sizi jurnalistika ilə bağlı elana görə narahat edirəm. Əgər imkan varsa azərbaycanca danışın.
Sonra alaqarışıq bir dildə dedi: “Azera netu. Siz jurnalistika ilə bağlı soruşursunuzsa, kursu mən aparıram-Seva. Sizi nə maraqlandırır?”
-Mən bilmək istərdim ki, kurslar pulludurmu? Qrup şəklində, yoxsa tək-tək hazırlaşdırırsınız?
Zərif səslə: “Biz telefonla informasiya vermirik. əgər maraqlıdırsa, bizim yanımıza gəlin”, -söylədi.
Sonra o, ünvanı mənə dedi: “Vı Torqoviy znayete? Tam yest “Şəkil pasaji”. Nəsiminin heykəlindən 20 şaq v levo. Ulitsa Rəsul Rzı 14. Sizi gözləyirik”.
O, spasibo” deyib dəstəyi açdı.
Bəli, səhərisi göstərilən ünvana gəldim. Nişan verilmiş bloku tapıb, ağ dəmir qapını döydüm. Qapı açıldı:
-Po povodu obyavleniya?
Başımla “hə” işarəsi verdim.
Məni içəri dəvət etdilər: “Zaydite!”
Eni təqribən 3 metr, uzunluğu isə 5 metr olan yarıqaranlıq otağa daxil oldum. Qapının ağzında kiçik stol qoyulmuş, 3 qız, 1 gənc oğlan əyləşmişdi. Qapını açan xanım və bir başqası ayaqüstə durmuş, 2 nəfər gənc oğlan da düz döşəmənin üzərində yerlərini möhkəmlətmişdilər. Yavaş-yavaş məni süzməyə başladılar. Mən “Azəri olarmı?”-sualı ilə onlara müraciət etdim.
Cavan bir oğlan: “Azər mənəm”,-dedi. Sonra isə “Yəqin ki, jurnalistika ilə bağlı gəlmisiniz? O kursları Seva xanım aparır”,-deyib ayaqüstə duran gənc qadını göstərdi.
-Seva mənəm.
Onlara özümü təqdim etdim... “168 saatın” müxbiri olduğumu bilib çaşqınlıqla mənə baxdılar.
-Bəs sizə nə lazımdır?
-Mən sizin fəıaliyyətinizdən bəhs edəın material hazırlamaq istəyirəm. Təbii ki, etirazınız yoxdursa...
Onlar sanki birağızdan :”Yox, yox! Heç bir yazıdan söhbət gedə bilməz!”-deyə narazılıq etdilər.
Mən əvvəlcədən hazırladığım suallarımı tələsik onlara təqdim etdim:
-Kursu hansı təcrübi və nəzəri biliyə malik adamlar keçir? Hansı metodlar və ədəbiyyatdan istifadə olunur? Kurs neçə aylıqdır?
Təəssüf ki, onlar qəti şəkildə suallarıma etirz edib, otaqdan çıxmağımı tələb etdilər.
Artıq mən lazımı informasiyanı əldə etmişdim. Səmimiyyət naminə kimliyimi də açıqladım. Uzunçuluq olsa da nahaq yerə gördüyüm mənzərəni sizə təsvir etmədim...
Əgər həqiqətən də bu kurslar xüsusi əhəmiyyətə malik olsaydı, təbii ki, onlar özləri haqda ətrfalı məlumat verməkdən çəkinməzdi.
Bir də bu kurslar gerçəkdən xüsusi əhəmiyyətə malikdirsə, ali təhsil ocaqlarında jurnalist kadrların bilavasitə hazırlığı ilə məşğul olan jurnalistika fakültələrinə ehtiyac varmı?
Mövzuya münasibətini öyrənmək üçün M.Ə.Rəsulzadə adına BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadəyə müraciət etdim. Yalçın müəllim bunları bildirdi:
-Son onilliyin demokratik ab-havası fikir plüralizminin təşəkkülü, azad fikir və azad sözə geniş meydan verilməsi ölkəmizdə geniş qəzet alımı yaratmışdır.
Bu qəzetlər sirasında ciddi jurnalistikaya söykənən, obyektivliyi özü üçün meyar seçən, hər cür qərəzdən uzaq mətbu orqanlarımız da var, yaranmış şəraitdən sui-istifadə edərək 125 illik tarixi olan milli jurnalistika dəyərləri üzərinə ləkələr salan “qəzet”lər də. Ağır olsa da, etiraf etməliyik ki, bu gün ikincilər daha çoxdur. Naşıların, dəllalların jurnaılistika qədər təcavüz etdiyi ikinci bir sənət sahəsi yoxdur. Faktdır ki, tarixən jurnalistika sənətlər arasında ən seçilən, hörmətəlayiqlərindən olub.
Ancaq bu gün həmin adamlar jurnalistikanı əvvəlki hörmət və nüfuzundan salırlar. Belə jurnalistika daha çox ayrı-ayrı şəxsələrin mənafeyinə xidmət edir.
Hər partiya özü üçün bir qəzet açıb ondan istifadə etdiyi şəxsə sillə, şapalaq kimi istifadə edir. İstədikləri adama böhtan atır, şərləyir, ləkələyirlər. Çox vaxt sonradan təkziblər verilsə də, ilkin variantlar əldə olunmuş effekt və təsirini itirmir. Xüsusən də sensasiyaya meylli oxucu bu tip materiallara daha çox üstünlük verir. Bu gün yüngül informasiyaya meyl qabarıq şəkildə müşahidə olunur. Jurnalistika anlayışının real mahiyyətindən bixəbər “jurnalistlər” hələ də KİV-də geniş yer tutur.
Jurnalistikanı təcrübi cəhətdən “mənimsəyənlər” bir yana, indi sırf elmi, nəzəri səpgidən “fəaliyyətə” geniş yer verməyə başlayıblar. Jurnalistika nadir ixtisasdır. Hər il jurnalistika fakültəmizə qəbul olunan 20-25 nəfərdən təhsilini başa vurarkən 5-6 püxtələşmiş sənətini sevən, yüksək səviyyəli, professionallığa meylli jurnalistin formalaşdırılmasını uğurumuz hesab edirəm
Jurnalistika üçün ən vacib amil istedadın olmasıdır. Yəni təhsil sistemimiz konveyer deyil ki, I kursda fakültəyə daxil olub oranı bitirəndə, jurnalist ola biləsən.
Fakültəmzdəki təhsilin başlıca vəzifələrindən biri tələbədə aşkarlanmış istedadın cilalanmasıdır.
Təbii ki, belə şəxs əməli faəliyyət sahəsində peşəkar kimi özünü büruzə verə bilir.
Qısamüddətli kurslara gəldikdə onu deyim ki, bu qeyri-ciddi məsələdir. Bu şəxsi gəlir, qazanc əldə edilməsi məqsədi güdür.
Əgər həmin kursları təşkil edən şəxslər istedad sahibidirlərsə, dekan kimi məmnuniyyətlə onları fakültəmizlə əməkdaşlığa dəvət edirəm.
Bir müddət əvvəl mədəniyyət işçiləri klubunda da eynitipli 6 aylıq kurslar təşkil olunmuşdu. Axı jurnalistika kursu tikiş, sürücülük kursu deyil, sənət kursudur.
Bu sahəyə istedadı olan adamlar getməlidir. Fəhmlə deyə bilərəm ki, sözügedən kurslar şəxsi qazanc naminə təşkil olunur. Yəqin ki, kursların dinləyiciləri bunu dərk edə biləcəklər. Əgər doğrudan da bu dərnəklərin səmərəsi olsaydı, jurnalist ictimaiyyəti arasında çoxdan özünü göstərmişdi.
Bir daha deyirəm; Bu ancaq jurnalistikanın ad və imicindən istifadə edib qazanc əldə etmək məqsədi daşıyır.
NƏMƏND
P.S. Sonda maraqlananlarü üçün kursun dəqiq ünvanını təqdim edirəm:
“Fəvvarələr meydanı, Xəqani heykəlindən 20 metr sola, ağ dəmir qapı, AZƏR, SEVA”.
İstəsəniz siz də baş çəkə bilərsiniz.
“168 saat” qəzeti. 13 yanvar 2000-ci il.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)