Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Sən həqiqətən evlənmisən?
-Bəli.
-Düzdür ki, sən dul qadınla evlənib, onun hesabına sərsəm pullar qazanmısan?
-Xeyir, cəfəng söhbətdir. Mən sərsəm dul qadınla evlənib onunla pullar qazanmışam.
2.
Tibb deyir ki, çox danışmaq lazımdır, əks təqdirdə dil atrofirləşə bilər. Halbuki, çox dinləmək lazım deyil, çünki qulağa heç zad olan deyil.
3.
-Fitnesə getməyə başlamışam, Anaxanım. Düz dörd aydır. Ən bahalı zala özü də.
-Zibeydə, çəkin düşüb? Nə qədər itirmisən?
-Aya 300 manat.
4.
-Ay bədbəxt, sən indiyə kimi yalnız 10-a kimi saymağı öyrənmisən? Sən kim olacaqsan ki?
-Boks hakimi.
5.
Nazir iclasda deyir:
-Biz krizisin yeni fazasına qədəm qoyduq. Bizim valyuta ehtiyatlarımız çoxdur, bizi heç bir təhlükə gözləmir.
Zaldan səs gəlir:
-Bəs bizi?
6.
Orta statistik həmyerlimiz ananasa, bildirçin yumurtasına, balqabaq tumuna, şokolad qlazurlu dondurmaya, popkorna, qovrulmuş şabalıda, hətta marinə olunmuş quzqulağına pul tapa bilir, amma kitaba, kino və teatr biletinə pul tapa bilmir.
7.
-Ooo, Henri, əzizim, sənin ən sevdiyin yazıçı kimdir?
-O’Henri!
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)