Sərtyel, “Ədəbiyyat və incəsənət”
1
ELVİZ MÜƏLLİMİN XATİRƏLƏRİNDƏN
Dəqiq yadımdadır, 89-cu il idi. Orta əsrlər tarixindən imtahan götürürdüm. Bir tələbə oğlan o qədər gözəl cavab verdi ki, ona əla yazmaq qərarına gəldim və zaçot kitabçasını istədim. Amma zaçot kitabçası sözü nə illah etdimsə yadıma düşmədi.
-zadı ver…
-nəyi, müəllim?
-şeyi də…
-nəyi axı?
Nəhayət dedim:
-o ki bütün tələbələr ciblərindən çıxarır…
O da qıpqırmızı qızarmış halda cibindən şparqalka çıxartdı…
2.
MQU ƏHVALATI
Fizmatda Şneyderman soyadlı yəhudi professor dərs deyirmiş. Çox elmli pedaqoq imiş, kim elmlə maraqlanırsa əla bilik əldə edirmiş.
Di gəl, Şneydermanın qulağında dinləmə aparatı var imiş və onun ağır eşitməsinə görə dərsdə qışqır-bağır salanlar, hətta söyənlər də az olmurmuş.
Nəhayət, imtahan zamanı yetişəndə Şneyderman içəri girib dinləmə aparatını qulağından çıxararaq deyib:
-Hə, bax indi biletləri götürün.
Tələbələr təəccüblə və qorxu-hürkü ilə bir-birinə baxıblar, biri yavaşcadan deyib ki, bu bizə divan tutacaq.
Şneyderman deyib:
-Tutacam da sözdür?
3.
SUMQAYIT MƏKTƏBİNDƏ
Fizika müəlliməsi var idi, Şahanə xanım. Olduqca sərt, zəhmli biri idi, imtahanda hamını kəsib-tökərdi. Şagirdlərin hamısının ondan zəhləsi gedərdi.
Növbəti imtahanda Nəsibov soyadlı şagird ona bir qızılgül biketi gətirib hədiyyə edəndə müəllimə çox təsirlənir, həyatında iık dəfə idi ki, hansısa şagird onu saya alırdı.
Tez Şahanə xanım qaçır ki, gülü qoymağa bir qap tapsın. On beş dəqiqə bu proses, daha beş dəqiqə qabı su ilə doldurmaq vaxt aparır.
Həmin müddətdə uşaqlardan cəmi birinin ağlına gəlmir ki, cavabları köçürsün. Odur ki, o uşağın adını o gündən Qoyun Xəlil adlandırırlar.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)