Buket əvəzinə yumruq Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, burda gülməli bir şey də yoxdur. Tragikomedik bir yazıdır bu. 

Niyə reallıqdan qaçıb özünüzü nələrəsə inandırıb aldadırsınız? Müasir dövrdə yaşayırıq və yaşayışımızın böyük hissəsini maddiyyat təşkil edir. Sevgi ilə qarın doymaz. Sevgi qəlbdə nifrəti əngəlləyə bilər, sənə insani keyfiyyətlər qazandıra bilər, mərhəmət hissi aşılaya bilər, amma əsla qarın doyuzdura bilməz. 

 

İlk başda sevgi hisslərlə idarə edilsə də, lakin illər keçdikdən sonra isə artıq ağıl və məntiq ilə iş həyata keçirmək lazımdır, bu olmadığı halda mütləq ki, ailədə söz-söhbət dava-dalaş başlayır. Ta ki qadın zorakılığına qədər. 

 

Sevgili dönəmində əgər oğlan qızla daha çox maraqlanıb, daha çox nazını çəkirdisə, artıq evlilik dönəmindən sonra nazını deyil, şilləni, yumruğu çəkməyə başlayır ...

Stolun üstündə, gül buketi əvəzinə, yumruq olur. Ətrafda olanlara, müdirə, küçədəki hər hansı bir yoldaşa əsəbləşib bir söz deyə bilməyən "ər" gəlib evdə əvəzini qadından çıxarır.

O ki qaldı ailədə qızların sevmədiyi birisi ilə ailə qurmasına...

Valideyn düşünür ki, qarşı tərəf imkanlı, müəyyən vəzifədə çalışan bir şəxsdir və bu şəxslə bağlanan, yaranan qohumluq bizə fayda verə bilər. Nikah diplomatiyası elə bil bu dövrə qədər sürünüb gəlib çıxıb.

 

Kasetlerdən, şəkillərdən, "padruqalardan", nömrələrdən, aradüzəltmələrdən, düzqoşlardan və bərbad mentalitetdən qaynaqlanma nəticəsində nə qədər bədbəxt ailə formalaşır və saya gəlmir az qala. 

Və bu da gələcəkdə intihara, şiddətə, zorakılığa qədər gedib çıxması amilini tətikləyir...

Eyni zamanda həmin ailələrdə formalaşan uşaq təfəkkürü də elə həmin istiqamətdə də yetişərək inkişaf etməyə başlayır...

Həqiqətən də, niyə reallıqdan qaçıb özünüzü nələrəsə inandırıb aldadırsınız? 

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.