AVQUST MƏZUNİYYƏTLƏR DÖVRÜDÜR
Könül, “Ədəbiyyat və incəsənət”
Təbii ki, azərbaycanlılar üçün ölkə xaricində bir nömrəli turistik məkan qardaş Türkiyədir. Əksəriyyət öz orta büdcəsi ilə ora üz tutur, ənənəvi Antalya, Alanya, Bodrum kimi cənnətməkan guşələrə güzar edir. Amma turistik Türkiyə tək bunlardırmı? Əsla yox!
Demək, Türkiyənin mühüm turizm mərkəzlərindən biri olan Kapadokya bölgəsindəki muzey və tarixi yerləri ilin yeddi ayında 2 milyon 356 min 49 turistin ziyarət etdiyi barədə məlumat var.
Nevşehir Valiliyindən verilən açıqlamaya görə, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Kapadokyadakı muzey və xarabalıq qalıqları bu il də yerli və xarici turistlərin maraq dairəsindədir.
Bu müddətdə burada yerləşən Göreme Açıq Hava Muzeyi 1 milyon 4 min 666 ziyarətçi ilə siyahının başında, Zelve xarabalıqları 943 min 669 nəfərlə ikinci, Kaymaklı Yeraltı Şəhəri isə 502 min 137 turist ziyarəti ilə üçüncü olub.
Xatırladaq ki, bölgədəki muzey və tarixi yerləri ötən ilin eyni dövründə 1 milyon 892 min 112, 2021-ci ilin eyni dövründə isə 854 min 449 yerli və xarici turist ziyarət etmişdi.
Ümumən, qardaş ölkə əsrarəngiz təbiəti, mavi dənizi, sıx meşələri, müxtəlif çeşidli dadlı mətbəxi ilə diqqət çəkir.
Türkiyədə ənənəvi karvan səyahəti də diqqətçəkəndir ki, bu səyahət üzrə bir neçə marşrut vardır ki, onlardan biri də Egeydən Aralıq dənizinə doğru olanıdır. Çanaqqaladan başlayan bu gözəl marşrut Şimali Egeyin tarixi mərkəzindən keçərək Türk Rivierasının sevimli liman şəhəri Antalyaya qədər uzanır. Başlanğıc nöqtəsi olan Çanaqqala, xüsusilə, tarixlə maraqlanan hər kəs üçün saysız-hesabsız seçimlər təqdim edir. Antik Troya şəhərini kəşf etmək, Çanaqqalada Homerin “İlliada”və “Odisseya” dastanlarının mənşəyini izləmək və Troya Muzeyini ziyarət etmək mümkündür. Çanaqqalanın ən sevimli məkanı olan Ayvacık, Assos bir başqa mənzərədir.
Çanaqqaladan İzmirə gedən marşrutla isə tarixi dənizçilik şəhəri olan Foça, enginarları ilə məşhur Urla və Türkiyənin ilk “yavaş şəhər”i olan və 21 digər yavaş şəhər arasında olan Seferihisar daxil olmaqla, gözəl mənzərəli məkanlarla rastlaşmaq mümkündür.
Tarixi evləri və ləzzətli şərabları ilə məşhur olan Şirincə və məşhur tətil bölgələri Çeşmə və Alaçatı da bu marşrut üzərindədir. İzmirdə Efes, Perqamon və Klozamenai kimi tarixi şəhərlər insanın diqqətini cəlb edir.
Marşrutun davamında Aralıq dənizi ilə Egey dənizlərinin qovşağında yerləşən Muğlada hər biri ayrı bir turizm cənnəti olan Bodrum, Fethiye, Marmaris, Datça və Köyceğiz kimi bir çox sahil şəhərlər göz oxşayır və hər birinin özünəməxsus gözəlliyi vardır.
Bu marşrutda, həmçinin dünyanın ən gözəl çimərliklərindən hesab edilən, Ümumdünya İrsi Qoruma Fondu tərəfindən dünyanın təcili qorunma ehtiyacında olan 100 dağdan biri kimi təsnif edilən Babadağın ətəyində yerləşən Ölüdəniz və Kəpənəklər Vadisi çimərlikləri var. Babadağın kənarında Türkiyənin ən məşhur yamac paraşütü marşrutunda məşğul olmaq mümkündür.
Marşruta qayıdan yol səyahətçiləri Türk Rivierasının ürəyi sayılan Antalyaya aparır. Qeyri-adi təbiətə malik olan bu məkanda Letoon, Side, Perge, Aspendos , Myra və Patara kimi dini mərkəzlər mövcuddur. Likya Yolu, Pisidiya Mədəni İrs Yolu və St.Paul Yolu kimi dünyanın nəfəs kəsən gəzinti yollarından bəziləri Antalyada yerləşir. Türkiyənin və dünyanın tanınmış dalğıc turizm mərkəzi olan Kaş da vilayətin sərhədləri daxilindədir. Burada Kaputaş çimərliyi çox məşhurdur.
Karvan səyahəti üzrə ikinci marşrut Qara dəniz sahil xətti üzrə meşə marşrutudur.
Bölgə həm də Türkiyənin ən məşhur karvan yollarından biridir. İstanbuldan Qara dənizə karvanla səyahət etmək imkanı əldə etsəniz, ilk dayanacağınız yer təbii ki, yamyaşıl meşələri olan füsunkar Bolu olacaq. Buradan isə yol sevimli Kastamonuya gedir.
Təbii gözəlliyi ilə ziyarətçiləri ovsunlayan tarixi liman şəhəri Samsun marşrutun bir başqa incisidir. Burada Kızılırmak Deltası Quş Qoruğunu ziyarət etmək, də Orduda Perşembe və Çambaşı yaylaları, Çiseli və Uzundərə şəlalələri, Geçilmez Kanyonu, müasir həyatı sadəliklə birləşdirən Yeşilce kəndi ilə tanış olmaq mümkündür.
Növbəti dayanacaq isə Trabzon və onun gözəl mədəniyyət incisi Sümela Monastrıdır.
Şərqi Roma İmperiyası dövründə sıldırım qayalıqda tikilmiş bu möhtəşəm monastır 2000-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Qara dənizin digər heyrətamiz marşrutları olan Rizə və Artvində təpə yamacları, zümrüd-yaşıl yaylalar, qaynayan çaylar və tarixi qalalar vardır. Bu məkanın mətbəxində əsas menyu balıq yeməkləridir.
Bir ölkə başdan başa gözəlliklərə bürünüb, gəz ki gəzəsən.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)