İstanbuldakı tarixi Ayasofya tikilisinin ötən gün məscid kimi fəaliyyətə başlamasının üçüncü ildönümü qeyd edildi.
Anadolu Agentliyinin xəbərinə görə, Ayasofya məscidində sübh namazına Türkiyənin Diyanət İşlər Baş İdarəsinin sədri Ali Erbaş imamlıq edib.
Ayasofyanın yenidən məscid kimi istifadəyə verilməsini həyatının ən xoşbəxt günlərindən biri adlandıran A.Erbaş bunun ən gözəl addım olduğunu dilə gətirib: “Ölkə başçımızın qərarı ilə üç il bundan əvvəl Ayasofya yenidən ibadət üçün açıldı. Bu vaxta qədər tarixi məkanı ümumilikdə 21 milyon insan ziyarət edib”.
Bu məkanın 1453-cü ildə İstanbulu fəth edən Osmanlı sultanı Fateh Sultan Mehmeddən miras qaldığını və İstanbulun ən əhəmiyyətli simvolu olduğunu vurğulayan A.Erbaş milyonlarla insanın qiyamətə qədər Ayasofyada ibadət etməsini arzuladığını qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)