Azərbaycan əsilli norveçli dizaynerin Antalyada kolleksiyasının təqdimatı olub

Türkiyənin Antalya şəhərində moda dünyasının əlamətdar hadisələrindən biri sayca 6-cı “Antalya Moda Həftəsi” keçirilib. Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə Antalyada Norveç doğumlu, əslən cənubi azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpurun təqdimatı baş tutub. 

 

Bu barədə AzərTAC-a Şərvin Nəcəfpur bildirib.

Qeyd edilib ki, bu məqsədlə “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında azərbaycanlı rəssam Pərnisə Əsgərova tərəfindən çəkilmiş miniatürlərin əks olunduğu köynək və çoxistifadəli parça çantalar hazırlanıb.

Dahi şairin müdrik kəlamlarının da əks olunduğu, “Danışan İrs” adlı xüsusi kolleksiya Nizami Gəncəvi irsinin təbliğinə xidmət edib. Antalya MiGROS AVM-də təşkil olunan özəl təqdimat zamanı “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi və modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və çoxistifadəli parça çantanın təqdimatı da olub. Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini təbliğ etmək məqsədi daşıyıb.

Beynəlxalq səviyyəli Antalya Moda Həftəsi Antalya Böyükşəhər və Antalya Muratpaşa Bələdiyyələri, Batı Akdeniz İhracatçılar Birliyi, Hotel SU, Antalya MiGROS, Radisson mehmanxanalar şəbəkəsi və digər böyük şirkətlərin dəstəyi ilə həyata keçirilib.

Antalya moda günlərində yerli dizaynerlərlə yanaşı, əcnəbi modelyerlərin geyim kolleksiyalarının nümayişi də reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.