Vyanada Azərbaycan milli geyimləri nümayiş olunub

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ”Salam.Orient” festivalı çərçivəsində “İpək Yolu boyunca milli geyimlər” adlı tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin ”Salam.Orient” və “Kulteurasia” ilə birgə təşkil etdiyi tədbirdə qədim İpək Yolu üzərində yerləşən ölkələrin (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan) milli geyim nümunələri nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ”Salam.Orient” festivalı və “Kulteurasia” təşkilatı ilə uzun illərə söykənən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirilib ki, müasir dövrdə İpək Yolu həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə önəmini artırmaqdadır və bu tədbir mədəni-folklor istiqamətdə töhfə kimi dəyərləndirilməlidir. 

L. Qasımova milli geyimləri nümayiş olunan ölkələrlə Azərbaycanı tarixən sıx əlaqələrin bağladığını diqqətə çatdırıb. O, Azərbaycana dost ölkələrin milli geyimlərinin Azərbaycan Mədəniyyət Mərkəzində təqdim olunmasını həmin dostluğun bariz nümunəsi kimi qiymətləndirib. Mədəniyyət Mərkəzinin rəhbəri Azərbaycan milli geyimlərini təqdim edən Bakı Milli Geyim Evinə xüsusi təşəkkürünü bildirib. 

Sonra “Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt təqdimatla çıxış edib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin milli geyimlərinin xüsusiyyətlərindən danışıb. Məruzədə Azərbaycan kəlağayısı, Mərkəzi Asiya ölkələrində geniş yayılmış ikat, çakan və digər geyimlər barədə ətraflı məlumat verilib, Cənubi Qafqazda yeganə ipək istehsalı mərkəzi Şəki şəhərindən və Azərbaycan ipəyindən bəhs olunub.

Sonra milli geyimlərdən ibarət dəfilə təşkil olunub və sözügedən ölkələrin nümayəndələri öz milli geyimlərini nümayiş etdiriblər.

Tədbirdə Avstriyada yaşayan kamança ifaçısı Ruhulla Əziz musiqili proqramla çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.