XOREOQRAFİYA AKADEMİYASININ MƏZUNLARININ HESABAT KONSERTİNDƏN REPORTAJ
Balet incəsənətin ən elitar sahəsidir. Biz baletə getmirik. Əfsus. Getmək lazımdır. Bu sahə bizdə ən tələbedilən sahə olmalıdır.
“Ədəbiyyat və incəsənət” sizləri Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsilli məzunları ilə tanışlığa dəvət edir. Onlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçiriblər. Özü də necə.
Konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında P.Çaykovskinin “Yevgeniy Onegin” operasından Polonez əsəri, A.Qlazunovun “Raymonda” baletindən Divertisment parçası, Xalq musiqisi “Bayram süitası”, C.Cahangirovun “Lirik rəqs” əsəri, F.Şopenin “Prelüd variasiyası”, Acar rəqsi "Qandaqan”, xalq musiqisi “Qafqaz rəqsi”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən “A dajio”, xalq musiqisi “Qaval ilə rəqsi" və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Gəlin baleti sevək. Balet əsl zövq formalaşdırır, inanın!
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)