“Sothebys” hərracında Şah Təhmasibin “Şahnamə”sinin illüstrasiyalı vərəqi 7 milyon dollara satılıb

HƏRRAC EVİNİN EKSPERTİ BENEDİKT KARTER KİTABI DÜNYA ƏHƏMİYYƏTLİ ŞEDEVR ADLANDIRIR

 

 

Böyük Britaniyanın məşhur “Sothebys” hərracında Şah Təhmasibin “Şahnamə”sinin əlyazmasının illüstrasiyalı vərəqi 7 milyon dollara satılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” TASS.ru-ya istinadən xəbər verir. 

 

Hərracın İslam və Hindistan incəsənəti departamentinin direktoru Benedikt Karter məlumat verib. O qeyd edib ki, İran-Turan müharibəsinin rəsmini əks etdirən bu qiymətli nümunə auksionda ən çox təklif alanlar sırasında olub. O əlavə edib ki, bu illüstrasiyalı vərəq dünyanın orta əsrlərə aid ən nadir əsərlərindən biridir. Bu unikal nümunə 1658-ci ildə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən Osmanlı Sultanı II Səlimə hədiyə edilib. 

Qeyd edək ki, hərracda həmçinin XVII-XVIII əsrlərə aid Yaxın Şərq, Şimali Afrika, Türkiyə, İran, Hindistan və Cənubi Asiyadan müxtəlif İslam əsərləri də satılıb. B.Karter bildirib ki, ümumilikdə 135 əsər kolleksiyaçıları tərəfindən alınıb. Onların arasında Osmanlı imperiyası zamanında – XVII-XIX-əsrlərdə məşhur müsəlman xəttatları tərəfindən yazılmış Qurani-Kərimin nadir nümunələri də var. Osmanlı sultanlarının XVII əsrə aid qızıl naxışlı xəncəri isə 254 min funt sterlinqə satılıb. Həmi əsrdə hazırlanan “Qızıl buynuz” vazasının satışından 126 min dollar, müxtəlif geyim, keramika, metal əşyalar və rəsm əsərlərindən isə “Sotheby” hərracı 15,7 milyon dollar əldə edib. 

Ekspert vurğulayıb ki, son illər hərracda İslam əsərləri və irs nümunələrinə tələbat xeyli artıb. Kolleksiyaçılar onların nadir olmasına xüsusi əhəmiyyət verirlər. Ən çox tələbat isə Qurani-Kərimin müxtəlif əsrlərdə xəttatlar tərəfindən yazılmış nümunələrinədir. Hətta bu nümunələr 2-3 milyon dollara kimi qiymət alır.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.