Məşhur Rəşid Behbudovun mahnısı yadınızda olar:
Yazın ortasında, Gəncə çölündə,
Çıxıblar yenə də düzə lalələr…
Bəli, “Ədəbiyyat və incəsənət” portalı bu yazısında lalələr barədə danışacaq. Amma Gəncədəki deyil, İstanbuldakı lalələr barədə.
Əvvəl ordan başlayaq ki, Niderland zanbaqlar ölkəsi olduğu kimi, İstanbul da lalələr şəhəri olmağa iddialıdır. Lalə mövsümü İstanbulda baharın gəlişinin müjdəçisidir. Hər il İstanbulun göz önündə olan yerləri rəngbərəng bahar lalələri ilə bəzədilir. Bu da ziyarətçilərə şəhərin parlaq gözəlliklərini ehtiva edən zövqlü mənzərə ziyafəti təqdim edir. Məsələn, laləçiliyin akvakultura üsulundan istifadə edilərək Sultanahmet meydanında geniş lalə xalçası toxuyurlar. Bu nəfəs kəsən mənzərə həm yerli, həm də xarici ziyarətçiləri ovsunlayır. İstanbulda Emirgan bağı, Gülhanə Parkı, Yıldız bağı, Soğanlı Botanik Parkı, Beykoz bağı, Büyük və Kiçik Çamlıca bağlarında və digərilərində bənzər mənzərə ilə qarşılaşmaq mümkündür. Emirgan bağı lalə festivalının ana məkanı hesab edilir. Burada hər il 3,5 milyon lalə yetişdirilir!
Türkiyənin nukteler.com saytının məlumatına əsasən, İstanbul məşhur lalə mövsümünə hazırdır. Və bu mart günlərindən ta ki mayın ortalarınadək nəhəng şəhər lalə festivalına evsahibliyi edəcək.
Əsasən çöl çiçəyi olan lalə XVI əsrdən başlayaraq Osmanlının paytaxtı İstanbulda yetişdirilməyə başlanıb və şəhərin hər yerində bağ çiçəyi kimi əkilib. Qanuni Sultan Süleyman dövründə ölkədə lalə bitkisinin fərqli növ və sortları artıb. Özəlliklə şəhərin simvolu olan İstanbul laləsi bu dövrdə ortaya çıxıb. Sultan III Əhmədin dövründə gülün 2000-ə yaxın növü yayılıb və məhz bunun nəticəsidir ki, XVIII əsrin əvvəlini lalə dövrü adlandırırlar.
Lalələrin rənglərinə görə fərqli mənalar ifadə edirlər. Lalə çeşidləri artdıqca hər rəng başqa bir məna ifadə etməyə başlayıb. Qırmızı lalə eşqi, bəyaz lalələr isə saflıq və məsumiyyəti təmsil edir. Bənövşəyi çiçəklər “ləyaqət və romantizmi”, sarı çiçəklər “ümidsiz sevgi”ni ifadə edir. Nadir qarşılaşdığımız qara lalə “əlçatmazlıq və nadir”liyi ifadə etdiyi halda, zolaqlı lalə isə “gözəl gözlərin var” mesajı ötürür.
Türk mədəniyyətində bu qədər önəmli yeri olan möhtəşəm çiçək XV əsrin ikinci yarısında əvvəlcə Avstriyanın Vyana şəhərinə, daha sonra Hollandiyaya gətirilərək Avropaya təqdim edilib. Qısa müddətdə Hollandiyada məşhurlaşan lalə Kanadanın paytaxtına gətirilir və bütün dünyada məşhurlaşır.
Hazırda Anadoluda çoxlu lalə növü yetişdirilir. Bikirik ki, oxucularımız indi sual verəcəklər ki, məsələn, hansı növləri. İnanın ki, cavab sizi qane etməyəcək. Çünki lalə adları adama heç nə demir:
* Papaver atlanticum Coss.
* Papaver belangeri Boiss.
* Papaver bracteatum Lindl.
* Papaver californicum A. Gray
* Papaver canescens Tolm.
* Papaver chibinense N. Semen.
* Papaver czekanowskii Tolm.
Və beləcə altmışa yaxın növ…
Ən nəhayət, lalə festivalın qatılmaq istəyənlər üçün gözəl xəbərimiz var. Bu il festivalda iştirak ödənişsizdir. Yalnız otoparkdan istifadə edənlər 10 TL ödəyirlər.
Foto: İstanbul, Emirgan bağında lalə xalçası
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)