Sürət, cazibə, plastika Featured

Ölkəmizdə bəbirlər və ceyranlar  necə qorunur?

 

Bəli, bəbirlər barədə danışacağlq. Vəhşi təbiətin bu nisbətən az sayda olan, sürəti, plastikası ilə diqqət çəkən heyvan növü ən elitar heyvan növlərindən hesab edilir. Onu sürət rəmzlərindən biri kimi qəbul edir, müxtəlif şirkət loqolarında əks elətdirir, film, cizgi filmi, klip qəhrəmanı edirlər. Bəs ceyranlar? Onlar isə gözəllik simvollarıdır. Dahi şairimiz Səməd Vurğunun məşhur “Ceyran” şeirini kim əzbər söyləməz ki?

 

“Ədəbiyyat və incəsənət” portalı 3 gün öncə 

bütün dünyada qeyd edilən Ümumdünya Vəhşi Təbiət Günündə bəbirlərin, ceyranların və vəhşi təbiətin digər sakinlərinin Azərbaycandakı yerini və çəkisini müəyyənləşdirməyə çalışdı.

Bildiyimiz kimi, BMT Ümumdünya Vəhşi Təbiət Gününü təqvimə salmaqda bir  məqsəd güdür: diqqəti vəhşi heyvan və yabanı bitkilərin mühafizəsinə yönəltmək. Bəs ölkəmizdə bu sarıdan vəziyyət necədir? Dərhal cavablandıraq: qənaətbəxşdir. 

Digər ölkələrdə olduğu kimi Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir sıra uğurlu addımlar atılır. 

Burada IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) birgə həyata keçirdikləri reintroduksiya tədbirləri xüsusi qeyd edilməlidir. Təkcə ötən il ölkəmizdə ceyranların, həmçinin bezoar keçilərinin, köfkər və bizonların reintroduksiyası həyata keçirilib. Bu cür layihələrin gələcəkdə də davam etdirilməsi, xüsusilə də azad edilmiş ərazilərdə vaxtilə mövcud olan bir sıra heyvan və balıq növlərinin bərpası nəzərdə tutulub.

Ümumən, Ümumdünya Təbiəti Mühafizə Fondunun dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi var. Hər bir regionda və ölkədəki nümayəndəliyin özünün xüsusi mandatı mövcuddur və həmin nümayəndəliklər o mandat üzrə fəaliyyətlərini qururlar. Fondun Azərbaycan nümayəndəliyinin builki fəaliyyəti 2020-ci ildə Qafqaz regionu üçün təsdiq olunmuş regional Plan üzrə qurulur. Son 20 ildə aparılan layihələrin bəziləri bu ildə də davam etdirilməkdədir.

Biz portal olaraq Ümumdünya Vəhşi Təbiət Günündə WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovun çıxışlarını da izlədik. O qeyd edirdi ki, Fondun Azərbaycanda başladığı ilk layihə bəbirlərin mühafizəsinə yönəlib. Həmin müddət ərzində bəbirlərin yaşadığı ərazilərdə dövlət tərəfindən yeni qorunan ərazilər yaradılıb, mövcudları isə genişləndirilib. Ümumi qorunan bəbir arealı ölkəmizdə bu illər ərzində ən azı 15 dəfə genişlənib. Əvvəllər nadir görünən heyvanlar artıq ölkəmizdə artaraq qonşu ölkələrə də yayılır. Bəbirlərin yaşadığı biotoplarda quraşdırdığımız kameraların vasitəsilə Naxçıvanda 9, Talış dağlarında isə 2 balanın doğulub boya-başa çatdığını müşahidə etmişik.

WWF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin sözlərinə görə, ötən əsrin ortalarında Azərbaycanda az qala nəsli kəsilmiş hesab olunan ceyranların tarixi arealının bərpası üçün atılan addımlar da uğurlu alınıb. Vaxtilə ceyranlar yaşayan ərazilərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi ilə əməkdaşlıq şəraitində 300 başdan artıq heyvan buraxılıb. Onlar artaraq dayanıqlı populyasiyalar əmələ gətiriblər. Qonşu Gürcüstana ötürülən ceyranların sayı artaraq 250 başı keçib. Onların yayıldığı əraziləri qorumaq üçün Gürcüstan dövləti hətta yeni yasaqlıq yaradıb. Daha bir uğurlu inkişaf edən layihə də meşə kəllərinin (zubrların) reintroduksiyası ilə bağlıdır. Həmin heyvanlar qədim dövrlərdə Qafqazda geniş yayılsa da, onların nəsli XX əsrin əvvəlində vəhşi təbiətdə tamamilə kəsilib. Son beş ildə Avropa zooparklarından gətirilən heyvanlar Azərbaycanda 7 bala verib və ümumi sayları 41 başa çatıb. Onlar sərbəst olaraq Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərbəst olaraq təbiətə buraxılıblar. 

Azərbaycanın azad olmuş ərazilərinin zəngin təbiəti var. Ötən il ölkə başçısının iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Fondun Qafqaz üzrə son planı Vətən müharibəsindən bir az öncə, hələ işğal dönəmində təsdiq edildiyinə görə, növbəti 5 il üçün həmin ərazilərə Fond tərəfindən fəaliyyət planlaşdırılmayıb. Azad olunmuş ərazilərdə quruculuq işləri davam etdikcə, minalardan təmizləndikcə və həyat oralara qayıtdıqca fondun növbəti fəaliyyət planlarına müvafiq olaraq baxılacaq.

Ötən qış ayları sərt keçmədiyinə görə vəhşi heyvanların həyat tərzində ciddi fəsadlar olmayıb. Nəzərə alsaq ki, meşə kəlləri daha sərt iqlim şəraiti olan ölkələrdən gətirilib, Azərbaycanda onların qışlaması rahat keçib. Həmin heyvanlar əsasən yay dövründə uçan həşəratlardan əziyyət çəkirlər. Ötən illərin təcrübəsindən çıxış edərək yarıqapalı şəraitdə saxlanılan həmin heyvanların yaz gələndə vəhşi təbiətə buraxılması planlaşdırılır. Bu zaman o heyvanlar dağlarda özlərinə küləkvuran, azhəşəratlı ərazilər seçib ilin isti dövrünü oralarda otlayır və bəzi xəstəliklərdən azad olurlar.

Və bir iş də var ki, vəhşi təbiəti qorumaq həm də hər birimizin işidir. Gəlin təbiətin və qanunların ziddinə getməyək. 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.