Rasim Balayevdən bir sevgi hekayəti Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Rasim Balayevdir.

 

RASİM BALAYEV

(1948)

***

Səksəninci illərin sonları idi. İncəsənət institutunun tələbələrindən biri diplom işi kimi mənimlə ədəbi kütləvi tədbir hazırlamışdı. Zal tələbələrlə dolu idi. Mənimlə bərabər onlar da çıxış edir, bədii qiraət nümunələri söyləyirdilər. Şifahi şəkildə, həm də kağızda yazıb suallar verirdilər. Kağızların birində “xahiş edirəm, dünən yazdığın şeiri oxu” yazılmışdı. Ayağa qalxıb dedim:

– Mən şeir yazmıram, istəsəm də bacarmaram, bilirəm ki, bu kağız səhvən mənə gəlib çıxıb, yəqin, bunu zalda oturan gənc şairlərdən kiməsə ünvanlayıblar. Mən də bunu yazan xanımın adından xahiş edirəm, o şair kimdirsə, qalxıb yazdığı şeiri oxusun.

Zal bir-birinə dəydi. Tələblər çevrilib arxa sıralarda oturan bir oğlana baxdılar. Elə bu vaxt tələbə qızlardan biri qalxıb qaçaraq zalı tərk etmək istədi.

– Xahiş edirəm, dayan! – onu saxladım. – O şair kimdirsə, mütləq sənin də, mənim də xahişimi yerinə yetirəcək, qalxıb sənin istədiyin şeiri oxuyacaq.

Nəhayət, “əsərin” qəhrəmanı ayağa qalxıb səhnəyə çıxdı. Qısa bir sevgi şeiri oxudu. Zal onu alqışlayaraq başqa şeir oxumağını istədi. Beləcə, cavan şairə üç-dörd şeir oxutdular. Gözəl sevgi şeirləri idi. Arabir gözucu bayaq zalı tərk etmək istəyən qıza baxırdım, nə qədər aşiq olduğu gözlərindən bəlli idi…

 

 “Ədəbiyyat və incəsənət”

(21.02.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.